"AzFina": Rəqəmsal maliyyə ekosisteminin inkişafı yeni riskləri artırır

Maliyyə
  • 13 oktyabr, 2026
  • 11:41
AzFina: Rəqəmsal maliyyə ekosisteminin inkişafı yeni riskləri artırır

Rəqəmsal maliyyə ekosisteminin inkişafı yeni riskləri də artırır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu isə əvvəllər tənzimləmə olmadan fəaliyyət göstərən böyük bir bazarın qısa müddətdə müvafiq çərçivələrə cəlb edilməsi demək idi: "Söhbət zəruri olan və sektora dəyər qatan çərçivələrdən gedir.

Bu səbəbdən hazırda Azərbaycan Mərkəzi Bankı ilə konstruktiv dialoq şəraitində sektoru inkişaf etdiririk. Qarşıda görüləsi çox işimiz, böyük potensialımız var. Bu imkanlar təkcə Azərbaycanla məhdudlaşmır. Onları türk dövlətləri, daha sonra isə Avropa İttifaqı və dünya miqyasında inkişaf etdirmək mümkündür".

E.Abdullayev qeyd edib ki, lakin rəqəmsal maliyyə ekosisteminin genişlənməsi maliyyə dələduzluğu və fırıldaqçılıq hallarının, çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlı məsələlərin də aktuallaşması deməkdir: "Buna görə də bu sahəni tamamilə sərbəst buraxa bilmərik. Tənzimləyici qurumla konstruktiv dialoq çərçivəsində sektoru inkişaf etdirməyə, eyni zamanda qaydaları mümkün qədər çevik və sektora uyğun şəkildə müəyyənləşdirməyə çalışırıq".