Azərbaycanda bu il pərakəndə ticarət dövriyyəsi 10% artıb
- 14 may, 2015
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 7,5 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çox əmtəə satılıb.
"Report"un Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 1,9 faiz bəndi artıb.
Cari ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 1,8 dəfə artaraq 3,7 mln. manat təşkil edib. Əhali onlayn rejimdə sifariş verdiyi istehlak mallarının 92,8%-ni hüquqi şəxslər, 7,2%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,4%-ni qeyri-ərzaq malları təşkil edib.
Cari ilin yanvar-aprel aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5% artaraq 289,9 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 124,0 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 165,9 mln. manat təşkil edib.