Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür - EKSKLÜZİV

Maliyyə
  • 28 oktyabr, 2025
  • 16:20
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür - EKSKLÜZİV

Yaxın 5 ildə Azərbaycan sığorta şirkətlərinin Qazaxıstan bazarında fəaliyyət göstərməsi çətin görünür.

Bunu "Report"a açıqlamasında Qazaxıstan Sığortaçılar Assosiasiyasının sədri Vitali Veryovkin açıqlamasında deyib.

"Bizim çox güclü nəzarət orqanımız və ciddi kapital tələblərimiz var. Sığorta şirkətlərinin yalnız öz kapitalı deyil, iştirak etdiyi digər şirkətlərin kapitalı da yoxlanılır. Ona görə də hələlik bu istiqamətdə əməkdaşlığı qurmaq çətindir".

Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin Qazaxıstanda sığorta şirkəti açması mümkündür, lakin mürəkkəb prosedurlar tələb olunur: "Əsas şərt kapitalın şəffaflığıdır. Hər manatın, hər qəpiyin haradan gəldiyini izah etmək lazımdır. Bu proses illərlə davam edə bilər. Amma maraq olarsa, niyə də olmasın?".

V. Veryovkin qeyd edib ki, Qazaxıstan sığorta şirkətləri Azərbaycanın təcrübəsini, xüsusilə də rəqəmsallaşma və avtomatlaşdırma sahəsində yeni texnologiyaların tətbiqini yaxından izləyir: "Biz sığorta şirkətləri ilə informasiyalaşma və bazarda qeyri-standart, maraqlı həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsi edə bilərik. Xüsusən də yeni texnologiyaların sığortaya necə inteqrasiya olunduğunu görmək istəyirik. Ola bilər ki, bizdə olmayan, amma ehtiyac duyduğumuz bir həll məhz Azərbaycanda mövcuddur".

Assosiasiya rəsmisi həmçinin vahid beynəlxalq sığorta şirkəti modelinə də toxunub: "Əgər söhbət dövlətlərdən kənar fəaliyyət göstərəcək nəhəng bir sığorta şirkətindən gedirsə, bu yalnız ölkələrimiz arasında xüsusi saziş əsasında mümkün ola bilər. Hər şey tərəflərin iradəsindən və siyasi qərarından asılıdır. İstək olsa, bu model işləyə bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti