Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 %-dən çox artıb

Maliyyə
  • 02 mart, 2024
  • 13:47
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 %-dən çox artıb

Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 24 milyard 362,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 %, 2023-cü il fevralın 1-i ilə müqayisədə 20,3 % çoxdur.

Kredit qoyuluşunun 17 milyard 786,3 milyon manatı və yaxud 73 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 12,9 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 5 milyard 780 milyon manat təşkil edib. Bu, illik müqayisədə 47,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,3 %-dən 23,7 %-ə qalxıb.

2024-cü il yanvar ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 796,2 milyon manat olub. Bu, illik müqayisədə 35 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,9 %-dən 3,3 %-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda 23 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.