Azərbaycan dayanıqlı maliyyə ekosistemi yaratmaq üçün genişmiqyaslı islahatlar aparır
- 24 noyabr, 2025
- 17:49
Azərbaycan Mərkəzi Bankı (AMB) "Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi"nə uyğun olaraq güclü dayanıqlı maliyyə ekosisteminin yaradılmasını təşviq etmək məqsədilə genişmiqyaslı islahatları həyata keçirməyə başlayıb.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Central Banking" onlayn jurnalında dərc olunan məqaləsində bildirib.
O, qeyd edib ki, dayanıqlı maliyyənin prinsipləri maliyyə institutları üçün korporativ idarəetmə, strateji planlaşdırma və risklərin idarə olunmasına dair hərtərəfli çərçivə təqdim edən, həmçinin dayanıqlı təcrübələri dəstəkləmək üçün hazırlanmış olan istiqamətləndirici prinsiplər toplusudur.
"Banklarda ətraf mühit üzrə risklərin idarə edilməsi üzrə təlimat. Bu təlimat iqlimlə bağlı risklərin kredit qiymətləndirməsi, investisiya seçimləri və əməliyyat strategiyaları kimi əsas qərar qəbuletmə proseslərinə inteqrasiya edilməsinə xidmət edir. Bu isə bank əməliyyatlarında ekoloji amillərin prioritetliyini təmin edir.
Yaşıl taksonomiya. Bu taksonomiya yaşıl infrastruktur dedikdə nəyin başa düşüldüyünə dair aydın anlayış və konsensusun müəyyənləşdirilməsində kritik rol oynayır. AMB 2024-cü ildə hazırladığı təfərrüatlı "Yaşıl taksonomiya" əsasında 10 əsas sektora xas yaşıl fəaliyyətləri və onların meyarlarını müəyyənləşdirib . Bu, dayanıqlılığı və ekoloji məsuliyyəti təşviq edən layihələrin güzəştli maliyyəyə çıxışını asanlaşdırır.
Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimatlar. Bu təlimat kredit təcrübələrinin "yaşıl kredit prinsipləri" kimi beynəlxalq standartlarla uyğunlaşdırılması, maraqlı tərəflər arasında şəffaflıq və etimadın artırılması məqsədilə hazırlanıb.
Bu fundamental təşəbbüslər Azərbaycanda inkişaf etməkdə olan innovativ yaşıl maliyyə bazarının təməlini qoyur", - deyə sədr əlavə edib.