İraq, Qambiya, Mərakeş, Mozambik və Burkina-Faso "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır

Xarici siyasət
  • 30 oktyabr, 2026
  • 09:53
İraq, Qambiya, Mərakeş, Mozambik və Burkina-Faso ASAN xidmət modelinin tətbiqində maraqlıdır

İraq, Qambiya, Mərakeş, Mozambik və Burkina-Faso "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır.

Bu barədə "Report"a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə iştirak edən İraq, Özbəkistan, Qambiya, Mərakeş, Mozambik, Burkina-Fasodan olan nümayəndələr "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib.

Qonaqlara "ASAN xidmət" modelinin intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi bildirilib.

Diqqətə çatdırılıb ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN xidmət" konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

İraq, Qambiya, Mərakeş, Mozambik və Burkina-Fasodan olan nümayəndələr "ASAN xidmət" modelinin innovativ yanaşmasını, vətəndaş məmnunluğuna əsaslanan fəaliyyət prinsipini və korrupsiyaya qarşı mübarizədə effektiv islahat kimi əhəmiyyətini yüksək qiymətləndirərək, dövlət xidmətlərinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və xidmətlərin vətəndaşlar üçün daha əlçatan olması məqsədilə Azərbaycanın bu qabaqcıl təcrübəsindən yararlanmaqda və modelin öz ölkələrində tətbiqində maraqlı olduqlarını vurğulayıblar.

Beynəlxalq tədbirin iştirakçıları həmçinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olublar.

44 filmi