Azərbaycan bankının Gürcüstandakı törəməsinin zərəri 3 dəfə azalıb
- 02 fevral, 2023
- 07:24
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") ötən ili 2,132 milyon lari (1,364 milyon manat) zərərlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,9 dəfə azdır.
İl ərzində "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 44,9 % artaraq 55,165 milyon lari (35,306 milyon manat), əməliyyat xərcləri 23 % artaraq 53,522 milyon lari (34,254 milyon manat), xüsusi ehtiyatlara ayırmaları isə 4,9 dəfə artaraq 3,775 milyon lari (2,416 milyon manat) təşkil edib.
Bu il yanvarın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 512,501 milyon lari (328 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 16,8 % çoxdur. Bunun 343,257 milyon larisi (219,684 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 20 % böyüyüb.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 13,5 % artaraq 418,769 milyon lariyə (268,012 milyon manata), o cümlədən depozit portfeli 26,5 % artaraq 267,646 milyon lariyə (171,293 milyon manata), balans kapitalı isə 34,2 % artaraq 93,732 milyon lariyə (59,988 milyon manata), o cümlədən nizamnamə kapitalı 25,2 % artaraq 129 milyon lariyə (82,56 milyon manata) çatıb.
Bu günə olan məzənnəyə görə, 1 lari = 0,64 manatdır