Ləman Həmidova: "Hər zaman xəyalımızdan beynəlxalq dərəcəli hakim olmaq keçirdi"
- 22 sentyabr, 2025
- 16:29

Azərbaycanın həndol referisi Ləman Həmidova hər zaman beynəlxalq dərəcəli hakim olmağı xəyal edib.
Bunu "Report"a açıqlamasında Avropa Həndbol Federasiyası tərəfindən beynəlxalq hakimliyə namizədliyi qeydə alınan referi özü deyib.
O, hər zaman bunu xəyal etdiklərini deyib:
"Mən və bacım Aydan 12 yaşımızdan həndbolla məşğul olmağa başladıq. Təəssüf ki, 17 yaşında hər ikimiz zədə səbəbindən karyeramızı başa vurduq. İdmana davam edə bilməyəcəyimizi düşünürdük. Lakin həndbola olan sevgimiz bu idman növündən kənarda qalmağımıza imkan vermədi və hakim olmağa qərar verdik. Hər zaman xəyalımızdan beynəlxalq dərəcəli hakim olmaq keçirdi. O vaxtlar yaşadığımız evdən həndbol zalına 40 km məsafə var idi. Buna baxmayaraq, zala həvəslə gəlirdik. O cümlədən beynəlxalq hakimlərin idarəçiliyinə maraqla baxırdıq. Bununla da hakimliklə bağlı bir çox şeylərə yiyələndik".
L.Həmidova Azərbaycan Həndbol Federasiyasının onlara bu yöndə çox dəstək verdiyini vurğulayıb:
"Azərbaycan Həndbol Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. Federasiya nümayəndələri bu işdə bizə böyük dəstək oldular. 2020-ci ildən Azərbaycan birinciliyində hakimlik etməyə başladıq. Hakim kimi formalaşmağımızda federasiyanın böyük rolu var. 2023-cü ildə Avropada gənc hakimlər statusunu aldıq. 2024-2025-ci illərdə iştirak etdiymiz kurslardan sonra Avropa Həndbol Federasiyası beynəlxalq hakim kimi nazimədliyimizi qeydə aldı. Bu bizim üçün qürurverici hadisədir. Hazırda qərarın təsdiqini səbirsizliklə gözləyirik. İnanırıq ki, beynəlxalq hakim kimi də dünya arenalarında ölkəmizi layiqincə təmsil edəcəyik".
Qeyd edək ki, Azərbaycanın həndbol referiləri - Ləman və Aydan Həmidova bacılarının Avropa Həndbol Federasiyası tərəfindən beynəlxalq hakimliyə namizədliyi qeydə alınıb.