IMF 2026-cı ildə dünya iqtisadiyyatının 3,1 % artacağını gözləyir

İqtisadiyyat
  • 13 oktyabr, 2026
  • 07:55
IMF 2026-cı ildə dünya iqtisadiyyatının 3,1 % artacağını gözləyir

Beynəlxalq Valyuta Fondu (IMF) dünya iqtisadiyyatının cari ildə 3,1 %, 2027-ci ildə isə 3,4 % artacağını gözləyir.

"Report" xəbər verir ki, bu proqnoz təşkilatın dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair növbəti məruzəsində yer alıb.

Sənəddən aydın olur ki, dünya iqtisadiyyatının cari il üzrə artım proqnozu IMF-nin iyul məruzəsində təqdim olunan məlumatlarla müqayisədə 0,1 faiz bəndi yuxarıya çəkilib. 2027-ci il üçün proqnoz dəyişməz saxlanılıb. IMF mütəxəssisləri 2025-ci ilin yekunları üzrə artımı 3,5 % olaraq qiymətləndirirlər.

Məruzə müəllifləri etiraf edirlər ki, yeddi ildən az bir müddət ərzində dünya iqtisadiyyatı misli görünməmiş hadisələr silsiləsi yaşayıb. Onlar bura COVID-19 pandemiyasını və onun səbəb olduğu tədarük zəncirlərindəki fasilələri, Ukrayna böhranını və Yaxın Şərqdəki münaqişəni, enerji daşıyıcıları və xammal qiymətlərinin artmasını, həmçinin ticarət məhdudiyyətlərinin sərtləşdirilməsini və ölkələr arasında ticarət münasibətlərinin kəskinləşməsini aid edirlər.

"Lakin bir sıra sarsıntılara baxmayaraq, dünya iqtisadiyyatı tab gətirə bilib", - ekspertlər vurğulayıblar. Onlar bunu xüsusən enerji daşıyıcılarının tədarük marşrutlarının dəyişməsi, bir sıra ölkələr tərəfindən onların istehsalının artırılması, alternativ enerji mənbələrinə keçid, eləcə də süni intellekt sahəsində texnologiyaların inkişafı və bu sahəyə investisiyaların artması ilə izah edirlər.