TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib

İnfrastruktur
  • 30 aprel, 2026
  • 10:04
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib

"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM, Orta Dəhliz) Assosiasiyası Nurqul Jakupovanı baş katib vəzifəsinə təsdiq edib.

"Report"un assosiasiyaya istinadən verdiyi məlumata görə, o, bundan əvvəl baş katibin səlahiyyətlərinin müvəqqəti icraçısı olub.

Xatırladaq ki, təşkilatın əvvəlki baş katibi Qaydar Abdikərimov 2025-ci ilin aprelində istefa verib.

TBNM-in nizamnaməsinə əsasən, baş katib üç il müddətinə seçilir.

TBNM Beynəlxalq Assosiasiyası 2017-ci ildə yaradılıb. Mənzil qərargahı Astana şəhərində yerləşən assosiasiyanın məqsədi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların bütün iştirakçılarının qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.

Hazırda TBNM Assosiasiyasının İdarə Heyətinə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov, "Kazakhstan Temir Zholy" SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov, "Gürcüstan Dəmir Yolu" SC-nin baş direktoru Laşa Abaşidze, "Aktau Dəniz Ticarət Limanı" SC-nin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı Dauren Kutpanbayev, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Əfqan Cəlilov, "Bakı Beynəlxalq Dəniz Limanı" QSC-nin direktoru Eldar Salahov, "TCDD Taşımacılık A.Ş." SC-nin baş direktoru və Direktorlar Şurasının sədri Ufuk Yalçın və "Ukrayna Dəmir Yolu" SC-nin ("Ukrzaliznıtsya" SC) İdarə Heyətinin sədri Aleksandr Pertsovski daxildir.

TBNM və ya Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Assosiasiya zəruri informasiya dəstəyi təqdim edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına töhfə verir və müxtəlif ölkələrdən olan iştirakçılar, o cümlədən coğrafi cəhətdən birbaşa Orta Dəhliz boyunca yerləşməyən ölkələr üçün maksimum səmərəliliyi təmin edir.