Kamboca Azərbaycan investorlarına 12 ilə qədər müddətə vergi güzəştləri təklif edib

Biznes
  • 12 oktyabr, 2026
  • 16:21
Kamboca Azərbaycan investorlarına 12 ilə qədər müddətə vergi güzəştləri təklif edib

Kamboca Azərbaycanla iqtisadi əməkdaşlığın yeni mərhələsi çərçivəsində investorlara gənc işçi qüvvəsi, liberal biznes mühiti və 12 ilə qədər vergi güzəştləri də daxil olmaqla bir sıra üstünlüklər təklif etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Kambocanın Baş naziri Hun Manet Azərbaycan-Kamboca Biznes-Forumu zamanı bildirib.

O vurğulayıb ki, milli iqtisadiyyat xarici investorlar üçün cəlbedici olan altı əsas rəqabət üstünlüyünə malikdir.

Baş nazir onlardan birincisi kimi enerjili və texniki cəhətdən savadlı işçi qüvvəsini göstərib: "Kamboca vətəndaşlarının 60 %-nin 35 yaşı tamam olmayıb. İkinci üstünlük 12 ilə qədər müddətə vergilərdən azad edilməni, müəssisəyə tam xarici mülkiyyət hüququnu, həmçinin kapitalın xaricə çıxarılması üçün hər hansı maneənin olmamasını nəzərdə tutan açıq və liberal biznes mühitidir".

H.Manetin sözlərinə görə, həyata keçirilən islahatların gedişatında Kamboca İnkişaf Şurası (CDC) investisiya müraciətlərinə baxılması üçün "vahid pəncərə" sisteminə çevrilib: "Üçüncüsü, hökumət investorların kompleks şəkildə müşayiət olunmasına, o cümlədən CDC vasitəsilə investisiyadan sonrakı dəstəyə və baş nazirin sədrlik etdiyi Hökumət-Özəl Forumu daxil olmaqla, daim fəaliyyət göstərən məsləhət mexanizmlərinə zəmanət verir. Dördüncüsü isə ASEAN-ın mərkəzində strateji coğrafi mövqe və iri infrastruktur təşəbbüsləri (xüsusən, Funan Teço kanalının inşası) logistik inteqrasiyaya və nəqliyyat xərclərinin azalmasına kömək edir. Beşincisi, Kambocanın ASEAN-da və Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıqda (HRİT/RCEP) iştirakı, eləcə də Çin, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri ilə bağlanmış azad ticarət sazişləri ən böyük regional və qlobal bazarlara çıxmaq üçün geniş imkanlar yaradır".

Onun fikrincə, altıncı üstünlük Kamboca hakimiyyətinin "yaşıl iqtisadi inkişaf prinsipləri"nə sadiqliyidir: "2026-cı ilin iyul ayına olan məlumatlara görə, Kambocanın enerji balansında bərpa olunan enerji mənbələrinin xüsusi çəkisi 63 % təşkil edib, eyni zamanda 2030-cu ilə qədər bu göstəricinin 70 %-ə çatdırılması, 2050-ci ilə qədər isə tam karbon neytrallığına nail olunması planlaşdırılır".

H. Manet qeyd edib ki, hər iki tərəf biznes icmalarının nümayəndələri arasındakı qarşılıqlı əlaqələrin cavab biznes səfərlərin təşkili, strateji tərəfdaşlıq barədə razılaşmaların imzalanması, eləcə də 2027-ci ildə və gələcək perspektivdə konkret investisiya təşəbbüslərinin həyata keçirilməsi üçün əsas olacağına ümid bəsləyir.