Almaniyada ultrasağçıların uğuru – IV Reyxin dirilməsi cəhdləri

Analitika
  • 12 oktyabr, 2026
  • 16:28
Almaniyada ultrasağçıların uğuru – IV Reyxin dirilməsi cəhdləri

Almaniya Federativ Respublikasında (AFR) ultramillətçilik güclənməyə başlayıb. Bu özünü siyasi kampaniyalarda, seçkilərdə də göstərməkdədir.

Bu günlərdə ölkənin Saksoniya-Anhalt federal torpağının yeni seçilmiş parlamentinin ilk iclasında ifrat sağ Almaniya üçün Alternativ Partiyasının (AfD) nümayəndəsi Tobias Rausch birinci turda 82 səsdən 48 səsini qazanaraq parlamentin sədri seçilib. Bununla da bu ulturamillətçi sayılan partiya AFR-də ilk dəfə regional parlamentin sədri postuna yiyələnib.

Qeyd edək ki, Rauschun namizədliyini AfD-dən olan 39 deputatla yanaşı, "BSW"dən (Sahra Vaqenknext İttifaqı - "Bündnis Soziale Gerechtigkeit und Wirtschaftliche Vernunft" – Sosial Ədalət və İqtisadi Ağlabatanlıq İttifaqı) olan 5 deputat da əvvəlcədən açıqlamışdı.

Bu, Almaniyada sol populist və sol mühafizəkar ideologiyaya malik olan siyasi partiyadır. O, 2024-cü ilin yanvarında Almaniya Sol Partiyasından (Die Linke) ayrılan tanınmış siyasətçi Sahra Vaqenknext və onun tərəfdarları tərəfindən yaradılıb. Partiyanın ilkin adı "Sahra Vaqenknext İttifaqı – Ağıl və Ədalət" olsa da, bu il oktyabrın 1-dən rəsmi adı dəyişdirilib, "BSW" abreviaturası saxlanılıb.

İkinci Dünya Müharibəsindən sonra AfD ilk dəfə olaraq Almaniyanın federal torpaq regional parlament seçkilərində birinci yeri tutmaqla tarixi qələbə əldə edib. Partiya, həmçinin qonşu Saksoniya torpağında da çox güclü nəticə göstərərək az fərqlə ikinci yeri tutub.

Növbəti əsas mərhələ federal torpaqda Baş nazir seçkisidir. AfD fraksiyasının rəhbəri Ulrix Ziqmund (Ulrich Siegmund) namizədliyini irəli sürmək və səsvermənin dekabrda keçirilməsini istəyir. AfD-nin 39 mandatı olduğundan ilk turda tələb olunan 42 səsə çatmaq üçün ona digər fraksiyalardan ən azı 3 səs lazımdır. Parlament sədrliyində AfD-nin nümayəndəsinə səs vermiş "BSW" Baş nazir seçkisində bitərəf qalacağını bildirib. Bu baxımdan, ümid səsvermədə naməlum qalan digər 4 deputatadır.

Ultrasağçılar siyasi kampaniyalarda uğur qazanmaqla yanaşı, ideyalarını da təbliğ edirlər. Bir neçə gün əvvəl partiyanın gənclər qolunun rəhbər komitəsinin üzvü Helmut Ştrauf "Böyük Almaniya" xəritəsini paylaşıb. O bu revanşist xəritə Almaniyanın indiki dövlət sərhədlərini şübhə altına alıb. H.Ştrauf Fransa, İtaliya, Avstriya, Polşa və başqa ölkələrin ərazilərini əhatə edən "Böyük Almaniya" xəritəsini dərc etməklə qonşu və müttəfiq ölkələrin ərazi bütövlüyünü təhqir edib. Ştrauf "X"də bəyan edib: "Alman birliyi bütün alman xalqını bir dövlətdə birləşdirən Almaniya deməkdir".

Onun paylaşdığı xəritədə Avstriya, İsveçrənin böyük hissəsi, Lüksemburq, Fransanın Elzas və Lotaringiya bölgələri, İtaliyanın Cənubi Tirol bölgəsi, Belçika, Polşa, Macarıstan, Slovakiya, Rumıniya, Niderland və Danimarkanın kiçik hissələrinin birləşdirildiyi görünür.

Düzdür, etirazlardan sonra o, paylaşımını silib, "X"dəki hesabını da gizlədib. Oktyabrın 9-da isə "Almaniyanın Nəsli" rəsmi olaraq bildirib ki, o, öz istəyi ilə təşkilatın rəhbərliyindəki vəzifəsindən istefa verib.

Bu ilin martında isə Almaniyada ən gənci 15 yaşında olan sağçı radikal terror qrupunun ehtimal olunan üzvlərinin məhkəmə prosesi olub.

Postu silmək, yaxud sosial şəbəkə səhifəsini gizlətməklə Almaniyada bu problem həll olunmur. Belə ehtimal etmək olar ki, bu AFR-də təhlükəli bir hərəkatın yarandığının anonslarıdır.

Yeri gəlmişkən, Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDAP və ya nasist partiyası) 1920–1945-ci illərdə Almaniyada fəaliyyət göstərib. 1933-cü ildən etibarən ölkədə tək qanuni hakim qüvvə olub. Bu, ifrat sağçı, totalitar və irqçi siyasi partiya idi. Onun lideri isə Adolf Hitler olub.

İkinci Dünya Müharibəsindən sonra Avstriya və AFR-də ultramillətçilərin dirçəlməsi və fəaliyyətini gücləndirməsi istiqamətində bir neçə cəhdlər baş verib.

Görünür, "Alternative für Deutschland" - AfD Partiyası bu səylərdəndir. O, 13 il öncə yaradılıb, sağ populist, milli mühafizəkar və avroskeptik ideologiyaya malikdir. Onun əsas hədəfləri Almaniyanın suverenliyini bərpa etmək, miqrasiyanı məhdudlaşdırmaq və ənənəvi alman dəyərlərini qorumaqdır. Partiya Almaniya sərhədlərini tamamilə nəzarətə götürülməsini və qanunsuz mühacirlərin ölkəyə buraxılmamasını tələb edir. Deportasiya qaydalarının daha da sərtləşdirilməsinə çalışır. Sığınacaq verilənlərə pul yardımının ərzaq və geyimlə əvəzlənməsini istəyir. Təşkilat ölkəsinin Avropa İttifaqından çıxmasını ("Dexit"), yaxud qurum daxilində islahatların aparılmasını təklif edir. O, alman markasına dönməyi hədəfləyir. Ölkədə islamofobiya tərəfdarıdır. İddia edir ki, "İslam Almaniyaya aid deyil". Partiya ənənəvi "alman ailəsi" modelinin əsas sayır. O, ölkədə işçi qüvvəsinin çatışmazlığını miqrantların hesabına deyil, yerli ailələrə verilən maddi dəstəklər və doğumun tənzimlənməsi ilə həllini hədəf seçib və s.

Bu hadisələr, AfD-nin fəaliyyəti, gənclər təşkilatı rəhbərlərindən birinin "Böyük Almaniya" xəritəsini paylaşması, habelə yeniyetmə yaşında olan Almaniya vətəndaşının terrorçuluqda şübhəli bilinərək mühakimə olunması kimi hallar AFR-də təhlükəli tendensiyadan xəbər verir.

Bu, xəritə olayını demokratik ölkədə və cəmiyyətdə "dördüncü reyxin" (IV Reyx) dirçəlməsi cəhdi kimi düşünmək olar. I Reyx - Müqəddəs Roma İmperiyası (962–1806), II Reyx - Alman İmperiyası (1871–1918), III Reyx - faşist Almaniyası dövrüdür (1933–1945).

AfD-nin ideya və hədəfləri Almaniya ilə müttəfiq ölkələr arasında münasibətlərdə gərginlik yarada bilər. Əlbəttə, indiki şəraitdə ultrasağçıların, yaxud "Alternativ"çilərin ölkədə hakimiyyətə yiyələnməsi mümkünsüz sayılır. Bununla belə, onlar cəmiyyət, Avropa İttifaqı üçün çox ciddi siqnal ola bilər.

Almaniya demokratik ölkədir. AfD seçicilərin verdikləri səsin sayəsində uğur əldə edirlər. Deməli, Almaniya cəmiyyətində ifrat sağçılığın tərəfdarları az deyil. Belə bir vəziyyətin yaranması da on illərlə Avropada aparılan siyasətin nəticəsidir.

Oxşar hadisələr, ifrat sağ düşüncə Fransa, Avstriya, Belçika, İsveç, Norveç və başqalarında da baş verir. Seçkilərdə miqrantların səsini qazanmaq üçün onlara yalan vədlər versələr də, əslində, mahiyyət etibarilə antimiqrant hədəflərindən əl çəkmirlər. Həmin qüvvələr ölkə vətəndaşı olan miqrantları belə müxtəlif yollarla sıxışdırırlar. Ən təəccübləndiricisi isə belə qüvvələrin cəzasız qalması, gec cəzalandırlıması, yaxud məsələyə göz yumulmasıdır.

1979-cu il təvəllüdlü, ultrasağçı Anders Berinq Breyvikin 2011-ci il iyulun 22-də Norveçin Oslo şəhərində və Utiya adasında törətdiyi terror aktı unudulmayıb. Onun törətdiyi cinayət nəticəsində 77 dinc sakin ölüb. Breyvikə bu əməlinə görə 21 il iş verilib.

Almaniya da daxil olmaqla Avropa İttifaqında miqrantlara qarşı aparılan siyasət və təbliğat AfD-ni, "Böyük Alman xəritəsini", breyvikləri yaradır. Çünki həmin təbliğat dözümlülüyü deyil, insanlara qarşı kin və nifrət təbliğ edir. Sanki ölkədəki bütün çatışmazlıqların mənbəyi - demoqrafiyanın tənəzzülü, yanacaq qıtlığı, Avropa İttifaqına ABŞ-nin təzyiqlərinin artmasının baiskarı mühacirlər, yaxud miqrant vətəndaşlardır.

Almaniya ötən əsrdə III Reyxlə Avropada və dünyada faciələrin mənbəyi olub. Yenidən bu rolun IV Reyx ideyası ilə oynanılmasının zərbəsi, ilk növbədə, yenə qitə dövlətlərinə dəyəcək. Çünki Avropanın indi üzləşdiyi problemlərin başlıca kökü həmin dövrlərdən başlayır.

44 - Tezliklə