Orta Dəhlizdə yük daşımalarının səmərəliliyini artırmaq üçün tədbirlər planlaşdırılır
- 09 sentyabr, 2026
- 10:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə dayanıqlı yük axınlarına nail olmaq üçün limanlar və digər maraqlı tərəflər əsas ötürmə qabiliyyəti və keyfiyyət problemlərini operativ şəkildə həll etməlidirlər.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, marşrut üzrə fəaliyyət göstərən logistika və nəqliyyat strukturlarının təhlilinə əsasən, əsas çətinliklər dəmir yolu, konteyner təminatı, donanma və koordinasiya istiqamətlərində cəmləşib: "Dəmir yolu sektorunda hərəkət tərkibinin çatışmazlığı və səmərəsizliyi marşrut boyunca gecikmələrə yol açır, vaqonların limanda uzun müddət gözləməsi isə ümumi effektivliyi azaldır. Eyni zamanda, Qazaxıstandakı dəmir yolu xəttinin bir hissəsinin elektrikləşdirilməməsi daşıxma xərclərinə mənfi təsir göstərir. Bu problemlərin həlli məqsədi ilə ADY tərəfindən vaqon dövriyyəsinin artırılması, icarəyə götürülmüş vaqonların Orta Dəhlizə qaytarılması və hərəkət tərkibinin genişləndirilməsi nəzərdə tutulur. Həmçinin ADY və "Gürcüstan Dəmir Yolları" arasında vaqonların cədvəl üzrə planlaşdırılması üçün ortaq İT platformasının yaradılması, Qazaxıstanda isə dəmir yollarının elektrikləşdirilməsinin davam etdirilməsi planlaşdırılır".
O əlavə edib ki, konteyner təminatı sahəsində əsas problem boş konteynerlərin şərq istiqamətində geri qaytarılması məsələsidir: "Bununla bağlı Türkiyə, Gürcüstan və Azərbaycandan şərq istiqamətində ixrac yük axınının konteynerləşdirilməsi təklif olunur. Metallar, ərzaq məhsulları və tikinti materialları kimi potensial yüklərin cəlb edilməsi Bakı limanının tranzit imkanlarını daha da artıracaq. Donanma parkında ixtisaslaşdırılmış konteyner gəmilərinin çatışmazlığı fonunda ixtisaslaşdırılmış konteyner donanmasının genişləndirilməsi və ya konteynerdaşımaları üçün quru yük gəmilərindən və bərələrdən istifadə olunması imkanları nəzərdən keçirilir".