Nazirlik rəsmisi: “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması yüksək templə davam edir”

İnfrastruktur
  • 13 iyul, 2023
  • 12:29
Nazirlik rəsmisi: “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması yüksək templə davam edir”

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən dirçəldilməsi, əhalinin tədricən geri qayıtması, eləcə də regionumuzun sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində genişmiqyaslı işlər görülür.

Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş və bu ilin I yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəni şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu ərazilərdə zəruri sosial-iqtisadi infrastruktur təminatı, iqtisadi canlanmanın sürətləndirilməsi, habelə nəqliyyat potensialının artırılması və yaşayış məntəqələrimizin “ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları əsasında yenidən qurulması yüksək templə davam etdirilir: “2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıb. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Eyni zamanda, ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər ‒ mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet və s. təşkil edilib. Şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir”.

Z.Bədirxanov diqqətə çatdırıb ki, strateji baxışlardan biri də işğaldan azad edilmiş ərazilərdə "Yaşıl enerji" zonası yaratmaqla enerji tələbatında yaşıl enerjidən maksimum istifadə etmək, enerji dəyər zəncirində ekoloji təmiz və enerji səmərəli innovativ yaşıl texnologiyalardan istifadə etməkdir: “Ölkədə müəyyən edilmiş yaşıl iqtisadiyyat prinsiplərinə uyğun olaraq mövcud coğrafi və iqlim şəraiti nəzərə almaqla sözügedən ərazilərdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün geniş imkanlar yaranıb. Məhz bu strateji baxışdan irəli gələrək Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonası elan olunub. Hazırda işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi təminatı məqsədilə ötürücü və paylayıcı şəbəkənin qurulması üçün genişmiqyaslı və təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir. Artıq rayon və şəhərlərin əksəriyyətinə ölkənin ümumi enerji sistemindən elektrik enerjisi verilməsi üçün infrastruktur formalaşdırılıb. Çox qısa müddətdə bir neçə su elektrik stansiyaları bərpa edilərək istismara verilmiş, bir neçə su elektrik stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Bununla yanaşı ən müasir texnologiyalar tətbiq edilməklə, elektrik enerjisinə qənaət edən texnologiyalar və yaşıl enerji – külək, günəş kimi bərpaolunan enerji növlərinə əsaslanan enerji layihələrinin həyata keçirilməsinə başlanıb".

Nazirlik rəsmisi işğaldan azad edilən ərazilərdə sənaye parklarının yaradılmasının idxalı əvəz edən məhsulların istehsalının artırılması, məşğulluğun təmin edilməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi baxımından xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb: “Belə ki, işğaldan azad olunmuş Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu nəzərə alınmaqla, rayonda müasir infrastruktura malik sənaye parkının yaradılması təşəbbüsü Prezidentin müvafiq Fərmanı ilə öz təsdiqini tapıb. Ağdam Sənaye Parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olmaqla, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı, emalı habelə satışı və xidmət göstərilməsini həyata keçirəcək və sahibkarların səmərəli fəaliyyətinə köməklik göstərəcək. Parkda 17 müəssisə rezident, 5 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Bununla yanaşı, ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan MR ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranıb. İşğaldan azad edilmiş ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi məqsədilə dövlət başçısının müvafiq fərmanına əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Qeyd olunan sənaye parkında artıq 5 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Hazırda bu layihələrin ümumi investisiya dəyəri təxminən 200 milyon manata qədər təşkil edir ki, burada 1 800-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

44 filmi