Layihə rəhbəri: "Bir pəncərə"də fumiqasiya üzrə 180-dən çox müraciət qəbul olunub"

İnfrastruktur
  • 16 iyul, 2026
  • 11:06
Layihə rəhbəri: Bir pəncərədə fumiqasiya üzrə 180-dən çox müraciət qəbul olunub

"Bir pəncərə"də fumiqasiya aktı üzrə 180-dən çox müraciət qəbul olunub.

"Report" xəbər verir ki, bunu Rəqəmsal Logistika Platformasının ("Digital Logistics Platform" - DLP) layihə rəhbəri Ehtiram Quliyev "Bir pəncərə" informasiya sistemi – Rəqəmsal Logistika Platformasının təqdimatında deyib.

Onun sözlərinə görə, platformanın rəsmi açılışı bu günə təsadüf etsə də, bir sıra xidmətlər artıq aprel ayından etibarən istifadəçilərə sakit rejimdə təqdim olunub: "Bu müddət ərzində fumiqasiya aktı üzrə 60-dan çox şirkətdən 180-dən çox müraciət daxil olub. İstifadəçi rəylərinə əsasən, rəqəmsallaşmadan əvvəl 2-3 saat davam edən proses hazırda 7-8 dəqiqəyə tamamlanır. İxrac gömrük bəyannamələri üzrə isə indiyə qədər 10-dan çox şirkətdən 60-dan çox müraciət qəbul edilib. İlkin rəylər göstərir ki, proseslər daha operativ həyata keçirilir. Qeyd olunub ki, bunlar ilkin nəticələr olsa da, xidmət keyfiyyəti və vaxt itkisi baxımından müsbət göstəricilər artıq özünü göstərir".

"Xarici iqtisadi fəaliyyət proseslərində əsas ehtiyaclardan biri biznes subyektləri və dövlət qurumları üçün əməliyyatların vahid mexanizm üzərindən izlənilməsi imkanının yaradılmasıdır. Bu məqsədlə hazırda unikal ticarət nömrəsi mexanizminin tətbiqi nəzərdə tutulur. Unikal ticarət nömrəsi hər bir ticarət əməliyyatı üçün vahid identifikator rolunu oynayacaq. Bunun sayəsində ixrac, idxal və tranzit əməliyyatlarına dair bütün məlumatları vahid identifikatorla izləmək mümkün olacaq. Bu yanaşma Ümumdünya Gömrük Təşkilatının UCR standartlarına uyğun hazırlanıb", - deyə layihə rəhbəri əlavə edib.

Bundan başqa, o deyib ki, Bir pəncərə" platformasında süni intellekt və OCR texnologiyası tətbiq olunacaq: "Növbəti mərhələdə "Bir pəncərə" informasiya sisteminin funksionallığının daha da genişləndirilməsi nəzərdə tutulur. Bu çərçivədə süni intellekt əsaslı xidmətlərin tətbiqi, sənədlərin optik tanınmasını təmin edən (OCR) texnologiyasının inteqrasiyası, həmçinin nəzarət mexanizmlərinin təkmilləşdirilməsi planlaşdırılır. Eyni zamanda, idxal və tranzit əməliyyatları üzrə vahid müraciət mexanizminin formalaşdırılması, dövlət qurumları ilə inteqrasiyaların genişləndirilməsi və analitika imkanlarının inkişaf etdirilməsi əsas hədəflər sırasındadır. Məqsəd platformanın həm ölkədaxili proseslərin, həm də beynəlxalq ticarət və logistika əməliyyatlarının vahid rəqəmsal mühitdə daha səmərəli şəkildə idarə olunmasını təmin etməkdir. Platformanın inkişafı qarşıdakı dövrdə də mərhələli şəkildə davam etdiriləcək".

44 filmi