Gürcüstan rəsmisi: "BTQ dəmir yolu region üçün strateji əhəmiyyət daşıyır"

İnfrastruktur
  • 02 iyun, 2026
  • 12:02
Gürcüstan rəsmisi:  BTQ dəmir yolu region üçün strateji əhəmiyyət daşıyır

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti region üçün strateji əhəmiyyət daşıyır.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani bildirib.

O, qeyd edib ki, BTQ Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat marşrutudur və Gürcüstan, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi strateji layihə kimi regionda yük daşımaları üçün əlavə imkanlar yaradır.

"Bizim nəqliyyat şəbəkəmizə yeni dəmir yolu xətti əlavə olunur. Bu, Avropanı Asiya ilə birləşdirən və bizə regionda yük daşımaları üçün əlavə imkanlar verən Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir", – deyə T.İoseliani əlavə edib.

Onun sözlərinə görə, bu layihə təkcə Gürcüstan üçün deyil, bütövlükdə region üçün mühüm və simvolik əhəmiyyət daşıyır.

Nazir müavini əlavə edib ki, BTQ xətti 2017-ci ildən etibarən sınaq rejimində fəaliyyət göstərib və bu müddət ərzində yükdaşımaların həcmi davamlı olaraq artıb.

"Əminik ki, birgə səylərlə bu dəmir yolunu tam gücü ilə işlədə biləcəyik. Marabda–Kartsaxi dəmir yolu hissəsində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilib", – deyə o vurğulayıb.

T.İoselianinin sözlərinə görə, mayda Gürcüstanın Baş nazirinin Bakıya səfəri çərçivəsində İkitərəfli Koordinasiya Şurasının Protokolu imzalanıb və bu sənəd layihənin tam istismara verilməsinə əsas yaradıb.

Nazir müavini həmçinin deyib ki, BTQ xətti üzrə illik yükdaşıma potensialı təxminən 5 milyon ton səviyyəsində qiymətləndirilir və gələcəkdə əlavə yük axınlarının cəlb edilməsi planlaşdırılır.

44 - Tezliklə