EBRD ASCO-ya ayrılacaq kreditin təsdiqi üçün yeni tarix müəyyənləşdirib
- 08 noyabr, 2023
- 07:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) dekabrın 13-də Direktorlar Şurasının iclasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) ayrılacaq uzunmüddətli kreditin təsdiq edilməsini planlaşdırır.
Bu barədə "Report" banka istinadən xəbər verir.
Kreditin məbləği dəqiqləşdirilməsə də, daha əvvəl 60 milyon ABŞ dolları məbləğində uzunmüddətli kreditin verilməsi nəzərdə tutulurdu.
ASCO-dan bildirilib ki, hazırda kreditin məbləği ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, EBRD bu layihənin Direktorlar Şurasında nəzərdən keçirilməsini iki dəfə təxirə salıb. İlk tarix aprelin 26-na təyin edilsə də, daha sonra iyulun 12-nə keçirildi.
Bank qeyd edir ki, bu layihə ASCO-ya Xəzər dənizindən kənarda beynəlxalq sularda ticarət donanması əməliyyatlarını genişləndirməyə, regional kommunikasiyaları və ticarət əlaqələrini yaxşılaşdırmağa kömək edəcək:
"Bundan başqa, layihə ASCO-ya tranzit yüklərinin daşınmasını artırmağa, marşrut istiqamətlərinin şaxələndirilməsi üçün əlavə gəmilərin alınması ilə rəqabətqabiliyyətliliyi yüksəltməyə, həmçinin şirkətin beynəlxalq sularda olan gəlirlərini artırmaqla Orta Dəhlizdə nəqliyyat əlçatanlığını asanlaşdırmağa imkan verəcək".
Layihənin digər faydası ondan ibarətdir ki, daha yüksək ekoloji standartlara nail olmaq və “sıfır karbon”a keçidlə bağlı riskləri həll etmək üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” EBRD-nin enerji və resurs səmərəliliyi sahəsində təcrübəsindən istifadə edəcək.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.