Dünya Bankı Orta Dəhlizi tammiqyaslı iqtisadi marşruta çevirməyi təklif edir
- 02 oktyabr, 2026
- 15:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya Bankı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) tranzit marşrutundan tammiqyaslı iqtisadi marşruta çevrilməsini təklif edir.
"Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən "CAMCA-2026" Regional Forumunda bildirib.
"Orta Dəhlizin inkişafının əsas üstünlüyü yalnız tranzit daşımalarının təmin edilməsindən deyil, həm də onun əsasında regionlararası əmtəə dövriyyəsinin artmasına təkan verən tammiqyaslı iqtisadi dəhlizin formalaşdırılmasından ibarətdir. Əsas gəlirlər yalnız marşrutun tranzit funksiyasından əldə olunmayacaq. Biz onun iqtisadi dəhlizə çevrilməsindən, magistral boyunca işgüzar fəallığın artırılmasından və region daxilində ticarətin aktivləşməsindən danışırıq", - o deyib.
R. Prays qeyd edib ki, bu potensialı açmaq üçün region ölkələri sahibkarlığın inkişafı üçün əlverişli mühitin formalaşdırılmasına və kompleks logistika infrastrukturunun yaradılmasına yönəlmiş əlavə tədbirlər görməlidir.
O, həmçinin səylərin əlaqələndirilməsində və nəqliyyat qovşağının inkişafında Azərbaycanın aparıcı roluna diqqət çəkib: "Azərbaycan bu layihə çərçivəsində əlaqələndirmə və tərəfdaşlıq sahəsində əsas liderlərdən biridir. Region 2023-cü illə müqayisədə əhəmiyyətli dəyişikliklərə məruz qalıb, perspektivlərə dair vahid baxış formalaşdırılıb. Bununla belə, həyata keçirilən təşəbbüslərdən maksimum fayda əldə etmək üçün ambisiyaları artırmaq lazımdır".