"Bir Pəncərə" Orta Dəhlizdəki ölkələrin sistemlərinə inteqrasiya ediləcək

İnfrastruktur
  • 16 iyul, 2026
  • 10:13
Bir Pəncərə Orta Dəhlizdəki ölkələrin sistemlərinə inteqrasiya ediləcək

Gələcəkdə "Bir Pəncərə" informasiya sisteminin Orta Dəhliz boyunca yerləşən tərəfdaş ölkələrin müvafiq informasiya sistemləri ilə inteqrasiyası nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında deyib.

"Bizim baxışımız yalnız ölkədaxili rəqəmsallaşma ilə məhdudlaşmır. Gələcək mərhələdə "Bir Pəncərə" informasiya sisteminin Orta Dəhliz və digər beynəlxalq nəqliyyat dəhlizləri boyunca tərəfdaş ölkələrin müvafiq informasiya sistemləri ilə inteqrasiyası nəzərdə tutulur. Məqsəd beynəlxalq dəhlizlər boyunca rəqəmsal əlaqəliliyi təmin etmək, elektron məlumat mübadiləsini genişləndirmək, elektron nəqliyyat və ticarət sənədlərinin qarşılıqlı tanınmasına nail olmaq və sərhədlərarası daşımaları daha sürətli və proqnozlaşdırılan etməkdir", - o vurğulayıb.

F.Əliyev qeyd edib ki, Orta Dəhlizdə Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsi strateji prioritetlərdən biridir: "Bu istiqamətdə Qazaxıstan, Gürcüstan və Türkiyə ilə aktiv müzakirələr aparılır. Həmin ölkələrdə də analoji milli platformaların yaradılması prosesi gedir və onların artıq müəyyən funksionallıqları mövcuddur.

Hazırda aidiyyəti komandalarla bir neçə aydır intensiv işlər aparılır. Məqsəd bu funksionallığın yalnız bir ölkə ilə məhdudlaşmaması, bütün Orta Dəhlizi əhatə edən vahid sistemə çevrilməsidir. Beləliklə, məhsulun istehsal olunduğu ölkədən son təyinat məntəqəsinə qədər bütün prosesləri əhatə edən rəqəmsal platformanın qurulması hədəflənir.

Məsələn, azərbaycanlı sahibkar Çindən məhsul idxal etmək istədikdə və bunun üçün lisenziya, icazə, gömrük bəyannaməsi və digər sənədlər tələb olunduqda, o, konteyner fabrikdən yüklənib yola düşən andan etibarən bütün müraciətlərini elektron qaydada "Bir Pəncərə" sistemi üzərindən formalaşdıracaq. Aidiyyəti dövlət qurumları həmin müraciətlərə baxacaq və tələb olunan lisenziya, icazə və digər sənədləri elektron şəkildə təqdim edəcəklər. Beləliklə, "Bir Pəncərə" informasiya sistemi Azərbaycanın tranzit potensialının daha da artırılmasına, xarici ticarətin inkişafına, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və ən əsası ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcək".