Azərbaycan üçün iqlimlə bağlı əsas təhlükələr açıqlanıb

İnfrastruktur
  • 24 sentyabr, 2021
  • 15:43
Azərbaycan üçün iqlimlə bağlı əsas təhlükələr açıqlanıb

Azərbaycanda qarşıdakı dövrdə havanın hərarətinin artım sürəti dünya üzrə orta rəqəmlərdən yüksək olacaq.

“Report” Dünya Bankının hesabatına istinadən xəbər verir ki, havaya tullantılar əvvəlki kimi böyük həcmdə qalarsa, ölkə ərazisində orta illik hava hərarəti 2090-cı ilədək 4,7 dərəcə, iyul-sentyabr dövrü üçün isə hətta 6 dərəcəyədək arta bilər.

Belə isinmə nəticəsində kənd təsərrüfatının məhsuldarlığı azala, səhralaşma və şoranlaşma problemləri kəskinləşə bilər ki, bununla da su təchizatı sistemi üzərində yük artacaq. Hesabata görə, belə bir vəziyyət ölkə əhalisinin səhhəti üçün çoxlu sayda təhlükələrin yaranması deməkdir.

Bununla yanaşı, bölgələrdəki aztəminatlı əhali icmalar suvarma və su təchizatı sahəsindəki problemlərə qarşı daha həssas olduqları üçün artacaq quraqlıqdan daha çox əziyyət çəkəcəklər.

“Siyasi, iqtisadi, ekoloji amillərin məcmusuna əsasən Azərbaycan "ND-GAİN 2020" indeksinə görə 181 ölkə arasında 73-cü yeri tutaraq iqlim dəyişikliyinin təsirinə qarşı həssas ölkə hesab edilib. Ölkələrin iqlim dəyişikliyi və sair qlobal problemlərə qarşı həssaslıq dərəcəsini, daha dayanıqlı olmağa hazırlığını hesablayan həmin indeksdə Norveç birinci yer tutur”, – hesabatda qeyd olunur.

Bununla yanaşı, Azərbaycan "İnform Risk İndex 2020" reytinqində 191 ölkə arasında 61-ci yerdə qərarlaşıb: “Azərbaycan təbii fəlakətlərə qarşı nisbətən həssas olub, yüksək risklərə qarşı mübarizədə təsisat gücünə malikdir. O cümlədən yüksək quraqlıq (35-ci yer), orta səviyyəli daşqın və sosial həssaslıq təhlükəsi ölkənin reytinqini azaldır”.

44 - Tezliklə