Azərbaycan Avropa və Çin operatorlarını Bakı limanının inkişafına cəlb etmək niyyətindədir

İnfrastruktur
  • 06 oktyabr, 2026
  • 15:46
Azərbaycan Avropa və Çin operatorlarını Bakı limanının inkişafına cəlb etmək niyyətindədir

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC qarşıdakı 3–5 il ərzində artan yük həcmlərinin emalı üçün infrastruktur imkanlarını əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktorunun müşaviri Xudayar Həsənli Bakıda keçirilən Almaniya-Azərbaycan konfransında bildirib.

"Son illər biz bu dəhliz boyu yükdaşımaların həcmində nəzərəçarpacaq artım qeydə alırıq, bu da bir çox cəhətdən hazırkı geosiyasi vəziyyətlə bağlıdır. Marşrutu daha dayanıqlı və etibarlı nəqliyyat arteriyasına çevirmək üçün biz konteyner daşımaları üçün infrastrukturu inkişaf etdirməyi, xüsusilə də yeni konteyner terminalı və mineral gübrələr terminalı inşa etməyi planlaşdırırıq", - X. Həsənli deyib.

Onun sözlərinə görə, genişmiqyaslı yenilənmə dəmir yolu infrastrukturunu, anbar obyektlərini və terminal komplekslərini də əhatə edəcək. Baş direktorunun müşaviri qeyd edib ki, iştirakçı ölkələrin dövlət yatırımları ilə yanaşı, kommersiya strukturlarının birbaşa iştirakı marşrutun inkişafının prinsipial dərəcədə vacib elementi olmalıdır.

"Yüksək səmərəli infrastrukturun yaradılmasına olan ehtiyac birbaşa iqtisadiyyatın real sektorundan irəli gəlir. Logistika şirkətləri və operatorlar bazarın tələbatlarını daha dərindən anlayırlar. Biz maraqlıyıq ki, Avropa və Çindən olan iri operatorlar marşrutdan təkcə istifadə etməsinlər, həm də onun inkişafına vəsait yatırsınlar", - X. Həsənli vurğulayıb.

O həmçinin qeyd edib ki, Bakı limanının son məqsədi yalnız fiziki infrastrukturun inşa edilməsi deyil, həm də kompleks koordinasiyanın, cədvəllərin dəqiq planlaşdırılmasının və tranzit əməliyyatlarının səmərəliliyinin ümumi yüksəldilməsinin təmin edilməsidir.