Yuri Qusev: 700-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib

Xarici siyasət
  • 12 oktyabr, 2026
  • 18:38
Yuri Qusev: 700-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib

Artıq 700-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiyadan keçib, onlar istirahət və lazımi dəstəklə təmin ediliblər.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, reabilitasiya və istirahət üçün Azərbaycana gələn ukraynalıların növbəti qrupu Kiyev və Dnepropetrovsk vilayətlərinin sakinlərindən ibarətdir.

Bu qrupa hərbi qulluqçuların ailələrinin nümayəndələri, o cümlədən onların həyat yoldaşları və uşaqları daxildir.

"Biz Azərbaycan rəhbərliyinin və bütün Azərbaycan xalqının dəstəyini çox yüksək qiymətləndiririk. Artıq 700-dən çox uşaq Azərbaycana gəlib, burada onlara xüsusi qonaqpərvərlik göstərilib, onlar reabilitasiya və lazımi dəstəklə təmin olunublar", - o bildirib.

Səfir həmçinin əlavə edib ki, Ukrayna Azərbaycanın dəstəyini heç vaxt unutmayacaq.