Pərviz Səfərov: Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində qalacaq

Xarici siyasət
  • 12 oktyabr, 2026
  • 18:29
Pərviz Səfərov: Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində qalacaq

Ukraynalı uşaqlar 10 gün ərzində Qəbələ Uşaq Reabilitasiya Mərkəzində qalacaqlar.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ukraynalı uşaqların Azərbaycana gətirilməsində əsas məqsəd onların burada olduqları müddətdə sosial və tibbi reabilitasiyasını təmin etməkdir:

"Uşaqlar 10 gün ərzində Qəbələ Uşaq Reabilitasiya Mərkəzində qalacaq, onlar üçün fərdi və qrup şəklində psixoloji konsultasiyalar, art-terapiya və digər zəruri sosial reabilitasiya tədbirləri təşkil olunacaq".

Bundan əlavə, uşaqlar tibbi reabilitasiya çərçivəsində müxtəlif xidmətlərdən, o cümlədən müalicəvi vanna və hovuz imkanlarından yararlanacaqlar.

Agentlik rəsmisi qeyd edib ki, proqramın məqsədi Ukraynada mövcud vəziyyətin uşaqlara təsirlərinin aradan qaldırılmasına dəstək göstərmək və onların sosial reabilitasiyasını təmin etməkdir.

O əlavə edib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün Qəbələ ilə yanaşı, Şəki və Şamaxı şəhərlərinə də səfərlər nəzərdə tutulub. Səfərlər çərçivəsində onlar muzeylərə, mədəniyyət və istirahət məkanlarına baş çəkəcəklər.