Aİ Orta Dəhlizin inkişafı üçün "Connectivity Agenda Platform"u istifadəyə verir
- 23 iyun, 2026
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən Orta Dəhliz boyu nəqliyyat, enerji və rəqəmsal layihələrin koordinasiyası üçün yeni "Connectivity Agenda Platform"u istifadəyə verib.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos platformanın istifadəyə verilməsinə həsr olunmuş konfransda bildirib.
Kosun sözlərinə görə, yeni platforma ayrı-ayrı təşəbbüsləri regionun nəqliyyat və logistika əlaqəsinin inkişafı üzrə vahid strategiyada birləşdirməklə marşrut ölkələri arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəltməlidir.
"Connectivity Agenda Platform" bizə ayrı-ayrı təşəbbüsləri əlaqələndirməyə və daha geniş regionda əlaqələrin inkişafı üzrə ümumi baxış hazırlamağa imkan verəcək. O, həmçinin həqiqətən əhəmiyyət kəsb edən prioritet layihələr portfelini formalaşdırmağa töhfə verəcək", - Kos bildirib.
Platforma həmçinin hökumətləri, beynəlxalq maliyyə institutlarını və özəl investorları ümumi investisiya gündəliyi ətrafında birləşdirərək, maliyyə resurslarının cəlb edilməsini asanlaşdırmağa xidmət edir.
Aİ Orta Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) Avropa və Asiya arasındakı ənənəvi ticarət marşrutlarına vacib alternativ kimi qiymətləndirir. Lakin onun inkişafı buraxılış qabiliyyətinin məhdud və daşıma müddətinin uzun olması səbəbindən ləngiyir. Hazırda yüklərin Çin və Qazaxıstan sərhədindən Rumıniyaya çatdırılması 45 günə qədər vaxt apara bilər.
"Biz bu müddəti 15 günə qədər azaltmaq istəyirik - bu, dəniz nəqliyyatı ilə Avropaya çatdırılmadan xeyli sürətlidir", - Kos qeyd edib.
O, dəmir yolu və avtomobil infrastrukturunun çatışmayan həlqələrini, buraxılış qabiliyyəti ilə bağlı məhdudiyyətləri və digər infrastruktur boşluqlarını marşrutun əsas "dar boğazları" adlandırıb. Sərhəd prosedurlarındakı fərqlər, sistemlərin uyğunsuzluğu və inzibati gecikmələr əlavə maneələr olaraq qalmaqdadır.
Bu problemlərin həlli üçün Aİ nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, gömrük prosedurlarının rəqəmsallaşdırılmasına və region ölkələri arasında tənzimləmə qaydalarının uyğunlaşdırılmasına investisiya yatırmaq niyyətindədir.
Kosun sözlərinə görə, Aİ-nin iştirakı ilə təşəbbüs çərçivəsində imzalanan layihələr 80 milyon avrodan çox Avropa maliyyəsinin ayrılmasını nəzərdə tutur və nəqliyyat, enerji və rəqəmsal infrastruktura 2 milyard avrodan çox investisiya cəlb etmək potensialına malikdir.