Abşeron dairəvi dəmir yolu marşrutu üzrə reyslərin sayı artırılır

İnfrastruktur
  • 12 sentyabr, 2025
  • 17:28
Abşeron dairəvi dəmir yolu marşrutu üzrə reyslərin sayı artırılır
Azər Fərəcov

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar sentyabrın 15-dən yenilənmiş hərəkət cədvəli ilə hərəkət edəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

Onun sözlərinə görə, yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq: "Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılacaq.

Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı qeyri-iş günləri isə 16-dan 22-yə çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək".

O qeyd edib ki, bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır: "Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan–Bakı xətti üzrə əlavə reyslərin təşkil olunması sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10 %-lik artıma səbəb olacağı gözlənilir".

Son xəbərlər

Bütün Xəbər Lenti