ABŞ və Mərkəzi Asiya ölkələri TBNM-i birgə inkişaf etdirmək niyyətindədir
- 19 oktyabr, 2026
- 16:26
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ və Mərkəzi Asiya ölkələri enerji tərəfdaşlığını gücləndirmək, kritik faydalı qazıntıların hasilatını və emalını inkişaf etdirmək, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı üçün tədbirlər görmək niyyətindədir.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Səmərqənddə "C5+1" formatında keçirilən görüşün yekunlarına dair birgə bəyanatda bildirilib.
"ABŞ və Mərkəzi Asiya ölkələri arasında enerji tərəfdaşlığının gücləndirilməsi davamlı iqtisadi artımı və enerji təhlükəsizliyini təmin edəcək yüksək əlavə dəyərli inteqrasiya olunmuş tədarük zəncirlərinin yaradılmasına yeni təkan verəcək", - sənəddə qeyd olunub.
Görüş iştirakçıları vurğulayıblar ki, region ölkələri əhəmiyyətli təbii ehtiyatlara malikdir və energetika, geoloji kəşfiyyat və xammal emalı sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Xüsusilə, tərəflər geoloji məlumatların idarə edilməsi üzrə təcrübə və qabaqcıl üsullarla mübadilə aparmağı planlaşdırırlar.
Bundan başqa, tərəflər həmçinin emal istehsalatlarını inkişaf etdirmək, yüksək əlavə dəyərli məhsulların payını artırmaq və onların beynəlxalq bazarlara tədarükünü genişləndirmək niyyətindədirlər.
Daha bir prioritet kimi Orta Dəhlizin inkişafı göstərilib və bu da Mərkəzi Asiya ilə ABŞ arasında ticarət və investisiyaların genişlənməsinə, həmçinin regional istehsalçıların yeni bazarlara çıxmasına kömək edəcək.
"TBNM-in gələcək inkişafı üzrə birgə səylərimiz Mərkəzi Asiya və Birləşmiş Ştatlar arasında ikitərəfli ticarət və investisiyalara güclü təkan verəcək, eləcə də sürətlə böyüyən bazarlarda yeni imkanlar açacaq", - bəyanatda bildirilib.
Bundan əlavə, tərəflər regional iqtisadi inteqrasiyanın dərinləşməsinə və ABŞ iqtisadiyyatı ilə bağlı rəqabətədavamlı bazarın formalaşmasına yardım göstərmək barədə razılığa gəliblər. Bunun üçün regiondaxili ticarətin genişləndirilməsi, nəqliyyat əlaqəliliyini yaxşılaşdırılması, gömrük prosedurlarını uyğunlaşdırılması və sənaye kooperasiyasını gücləndirilməsi planlaşdırılır.
"C5+1" formatı ABŞ və Mərkəzi Asiyanın beş ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan arasında regional məsələlərin müzakirəsi üçün 2015-ci ilin sentyabrında yaradılıb.