Azərbaycanda Milli Statistika Sistemi qlobal səviyyədə qiymətləndiriləcək
- 19 oktyabr, 2026
- 17:01
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Avropa İqtisadi Komissiyasının və Avropa İttifaqının Statistika Bürosunun (Avrostat) təmsilçilərindən, həmçinin müstəqil ekspertlərdən ibarət nümayəndə heyəti Milli Statistika Sisteminin növbəti Qlobal Qiymətləndirilməsini həyata keçirmək məqsədilə Azərbaycana səfərdədir.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, oktyabr 19–23-də keçirilən Qlobal Qiymətləndirmə zamanı milli statistika sisteminin BMT-nin Rəsmi Statistikanın Əsas Prinsiplərinə, Avropa Statistikasının Normalar Məcəlləsinin prinsiplərinə və digər beynəlxalq standartlara uyğunluğu nəzərdən keçiriləcək.
Məlumata əsasən, qiymətləndirmə çərçivəsində rəsmi statistikanın təşkili, qanunvericilik bazası, peşəkar müstəqillik, statistik məlumatların keyfiyyəti, əlçatanlığı və məxfiliyinin qorunması məsələləri qiymətləndiriləcək.
Səfər çərçivəsində nümayəndə heyətinin ilk görüşü Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovla olub.
Görüşdə Komitənin sədri milli statistika sisteminin inkişafı, statistik məlumatların keyfiyyətinin artırılması və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən işlər və qarşıdakı dövr üçün müəyyən edilmiş prioritetlər barədə geniş məlumat verib.
A.Mursaqulov Qlobal Qiymətləndirmənin milli statistika sisteminin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, qiymətləndirmənin mövcud vəziyyətin təhlilinə, təkmilləşdirilməyə ehtiyac duyulan sahələrin müəyyənləşdirilməsinə və gələcək fəaliyyətin daha məqsədyönlü planlaşdırılmasına töhfə verəcəyini bildirib. Komitə sədri beynəlxalq ekspertlərlə əməkdaşlığa önəm verdiklərini və hazırlanacaq tövsiyələrin gələcək fəaliyyətdə nəzərə alınacağını qeyd edib.
Nümayəndə heyətinin rəhbəri Marko Kristof qiymətləndirmənin Avropa standartlarına uyğun aparılacağını və nəticələr əsasında milli statistika sisteminin inkişafına yönəlmiş tövsiyələrin hazırlanacağını bildirib.
Qlobal Qiymətləndirmə zamanı digər rəsmi statistika istehsalçıları, dövlət qurumları, beynəlxalq təşkilatlar, akademik dairələr və media nümayəndələri ilə görüşlərin keçirilməsi də planlaşdırılıb.
Qeyd edək ki, Azərbaycanda əvvəlki Qlobal Qiymətləndirmə 2016–2017-ci illərdə keçirilib.