"Ata ocağı" serialının rejissoru: Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır – MÜSAHİBƏ

İncəsənət
  • 13 noyabr, 2025
  • 13:22
Ata ocağı serialının rejissoru: Azərbaycanda kino sektorundakı adamların əksəriyyəti kasıbdır – MÜSAHİBƏ
Rüfət Şahbazov

Adətən, rejissorlarla müsahibə edəndə məkan üçün xeyli götür-qoy edirik. Rejissor baxışı, rejissor düşüncəsi... Gərək hamısını nəzərə alasan. Bir neçə dəfə məkan dəyişdirdiyimiz də olub. Amma budəfəki müsahibimlə belə bir problem yaşamadıq. Hətta vədələşdiyimiz məkana məndən də tez çatmışdı. Telefonla danışır, hansısa montaj prosesini müzakirə edirdi.

– Çəkiliş meydançasından kənarda da rahat buraxmırlar, deyəsən, – görüşürük.

– Hə, bu iş belədir, – yavaş-yavaş danışdığımız məkana keçirik, – məndən tez-tez soruşurlar ki, gənc rejissorlara nə məsləhət görürsən, məncə, ən yaxşı cavab budur: rahat yaşamaq istəyirlərsə, gəlməsinlər.

"Report" rejissor Rüfət Şahbazovla müsahibəni təqdim edir.

– Rüfət, həm çəkdiyin ilk serial, həm də tammetrajlı bədii film komediya janrında olub. Bu konkret öz istəyinlə belə olub, yoxsa necə?

– Yox, ümumiyyətlə, kino sahəsində bu kimi şeylər heç vaxt planlı olmur. Tammetrajlı bədii film deyirsən, bəli, komediya filmi olub – "Qızqaçırtma". Amma buna qədər qısametrajlı dram filmlərim də olub.

Seriala gəldikdə isə "Aramızda qalsın"la başlamışam. Ardınca "Qayınana" çəkildi və deyim ki, hər iki serialın çox yaxşı sponsor dəstəyi var idi. Ümumilikdə götürdükdə, hər ikisi uğurlu layihə idi.

Daha sonra "Bir ailəm var" dram serialını çəkməyə başladıq. O vaxt işlədiyimiz kanalda çox ciddi rəqabət var idi. Amma biz bu rəqabətə davam gətirə bildik. Mənə o zaman kənardan dram filmi təklifi gəlmişdi. Mən kanal rəhbərliyinə bunu bildirəndə dedilər ki, madam film çəkmək istəyirsən, layihəmiz var, götür çək.

– "Qızqaçırtma" filmi?

– Bəli, amma belə bir şərt var idi ki, filmdə əvvəlcədən bəzi obrazlar artıq seçilmişdi, dedilər, onlar mütləq çəkilməlidir, digərlərini isə özün seç. Beləcə layihəni işlədik. Komandaya yaxşı güvən var idi və o güvən də özünü doğrultdu. Qala gecəsi çox uğurlu oldu, yaxşı da kassa gətirdi – haradasa, 100 minə yaxın baxış. Tamaşaçıların marağı o dərəcədə idi ki, gündəlik paralel seanslar açılırdı. Film onsuz da kommersiya məqsədli idi və lazımi nəticəni də verdi.

Türkiyədə də ən çox izlənilən filmlər komediya filmləridir

– Niyə bizdə daha çox komediya filmləri tutur? Başqa janrda olan filmlər kinoteatrlarda çox qalmır, maraq yaratmır.

– Bu təkcə bizdə belə deyil. Ən yaxın nümunə kimi qardaş Türkiyəni götürək, orada da ən çox izlənilən filmlər komediya filmləridir. Lap Hollivudda belə müəyyən çöküş dönəmində komediya və qorxu filmləri, bir növ, xilaskar rolunu oynayıb.

– Ümumiyyətlə, janr etibarilə bu iki janr həmişə önə çıxır. Düzdür, bizdə qorxu filmləri geniş yayılmayıb, amma komediya var və adamlar baxır.

– Bəli, bu bütün dövrlərdə belə olub. Səbəb isə çox sadədir: insanlar kinoteatrlara əylənməyə, yaxud nəsə bir həyəcan yaşamağa gedir. Ona görə də bu iki janrın uğur qazanması daha realdır.

– Yəni kinoteatra ağlamağa gedən yoxdur.

– Yoxdur. İnsanlar ailəsi ilə, dostları ilə deyib-gülmək istəyir, həyəcan yaşamaq istəyir, bir növ, həmin adı özündə ehtiva edən nəsə istəyir, ona görə də bu kimi filmlərə gedirlər. Gedib qanlarını qaraltmaq istəmirlər.

Kino adamları dolanışıq üçün gündəlik serial çəkməyi və stabil maaşla yaşamağı seçirlər, bu da normaldır

– Bax "Qızqaçırtma"dan danışdıq, doğrudan da, xüsusilə birinci hissə son on ildə çəkilən komediya filmləri içərisində 3-4 uğurlu komediya filmindən biridir. Dediyimiz kimi, yaxşı kassa da gətirdi, yaxşı bəs niyə yenidən seriala qayıtdın?

– Bilirsən, il ərzində tutaq ki, bir film çəkirsən, onun gəliri ilə, gündəlik və davamlı çəkilən serialın gəlirini müqayisə etsək, məncə, sualına cavab tapa bilərik. Mən daxil, bütün kino adamları dolanışıq və maliyyə üçün gündəlik serial çəkməyi və stabil maaşla yaşamağı seçirlər. Bu da normaldır. Bir film çəkim, o film də hansısa bir iş adamının, prodüserin layihəsi olsun, oradan mən qonorar alım və bununla ilboyu dolanım. Bu mümkün deyil axı. Ona görə də, məsələn, "Ata ocağı" serialını çəkim, 6 il davam etsin və bilim ki, ilboyu maliyyə xərclərim də qarşılanır.

– Aydındır. Aktrisa Zemfira Əbdülsəmədovanın baş rol ifaçılığı ilə müəllifi olduğun tammetrajlı bədii filmin var. Amma o film böyük nümayişə çıxarılmadı. Səbəb nə oldu?

– "Tənha" filmini deyirsən, bəli, elə bir film var. İstəsən verərəm baxarsan, amma onun üzərində bir az işləməliyəm deyə böyük nümayişə çıxarılmayıb.

"Ata ocağı" serialını çəkən zaman davamlı çəkiliş apardığımız evin divar qonşuluğunda Lida adlı rus qadın yaşayırdı. Serialda müəyyən səs-küylü səhnələr çəkilən zaman Lida xanım başlayırdı divarı döyəcləməyə. Bir dəfə, iki dəfə, üç dəfə... hər dəfəsində üzrxahlıq edirdik. Nəsə elə oldu ki, bir ay həmin evə getmədik, çünki çəkilişlərimiz başqa məkanda idi. Lida xanım da həmin vaxt gəlib Həmidə Ömərovaya demişdi ki, bəs niyə gəlmirsiniz, mən darıxıram...

– Çox maraqlı məqamdır...

– Hə, son dərəcə maraqlı bir situasiya idi. Lida xanımın həyəti, evi çox səliqəli idi, tipik rus səliqəsi hiss olunurdu. Həyətə baxanda həmişə düşünürdük ki, görəsən, o evin içi necədir, nə var orada və sair. Sonralar çəkiliş prosesi irəlilədikcə münasibətimiz yarandı, ünsiyyətdə olduq. Bu hadisənin üzərindən altı il keçdi, biz yenə çəkiliş üçün ev axtarırdıq, bizə dedilər ki, həmin rus qadın dünyasını dəyişib, evi veriblər qonşuluqdakı ev sahibinə. Gedib evə baxdıq, birdən yadıma düşdü ki, altı il qabaq bu ev mənə və bütün çəkiliş heyətinə necə müəmmalı gəlirdi...

Evin içi o qədər səliqəli idi ki, elə bilirsən, burada heç vaxt heç yaşayan, dəyib-dolaşan olmayıb. İçəridə hər şey təzə, amma hamısı sovet dövründən qalma idi; fotolentlər vardı, bütün həyatını özündə əks etdirən lentlər, qəribə qədimi telefonlar və sair. Bax elə o zaman ağlıma bir ideya gəldi və elə oradaca müəyyən cızma-qara elədim. Zemfira xanımla danışdıq və sən dediyin film ərsəyə gəldi. Ümumilikdə 61 dəqiqədir, amma, dediyim kimi, müəyyən çatışmazlıqları var, post-prodakşın dəstəyi olarsa, düzələcək və yayıma buraxılacaq.

Tamaşaçılar seriallarda ancaq ailə-məişət mövzularının olduğunu deyirlər, mən yaradıcı heyəti qınamıram

– Hazırda Azərbaycanda serial sektoru tam olaraq hansı dövrünü yaşayır? Vəziyyət necədir?

– Ötən illərə baxanda kifayət qədər irəliləyiş var. Çünki bu il seriallara maliyyə dəstəyi oldu, ona görə də bir xeyli serial çəkildi. Serial üçün maliyyə və zaman çox əhəmiyyətlidir. Bu ikisi olarsa, iş daha yaxşı alınacaq. Bəzən deyirlər, seriallarda ancaq ailə-məişət mövzularıdır, mən o yaradıcı heyəti qınamıram, çünki reytinq olmasa, serial bağlanacaq. Təsəvvür edin, heyət bir serial üçün gün ərzində 20-30 epizod çəkməlidir. Buna görə də ssenarilərin üzərində işləməyə vaxt olmur.

– Bu da keyfiyyətə təsir edir.

– Əlbəttə, edir, amma, dediyim, kimi mən onları qınamıram. Çünki gündəlik serialda ssenari üzərində işləməyə vaxt olmur. Məsələn, beş günə beş seriya yox, üç seriya çəkilsə, nisbətən daha yaxşı alınar. Aydın məsələdir ki, həftədə bir dəfə efirə gedən serialla gündəlik serial arasındakı keyfiyyət fərqi dərhal görünəcək. 10-12 seriyalıq serialların üzərində işləmək üçün aylarla vaxt olur, amma gündəlik seriallarda belə deyil.

Mən ümumilikdə həmişə xarici serialların dublyaj edilib yayımlanmasına qarşı olmuşam, çünki bu yerli istehsalata zərbə vururdu. Şükür ki, indi yığışdırılıb, yerli seriallar çəkilir.

Bəzən sırf maliyyəyə görə fotoaparatla videoqraflıq edən dostumuzu layihənin quruluşçu operatoru kimi yoxlayırıq

– Yaxşı, bəs Azərbaycanda serialın uğur qazanması üçün nələr lazımdır?

– Bunun üçün vergi güzəştləri olması çox vacibdir. Belə olan halda, sponsorlar çoxalar və işlərin keyfiyyəti də artmış olar. Biz indi məcbur oluruq ki, adi fotoaparatla videoqraflıq dostumuzu sırf imkanımız ona çatır deyə, hansısa bir layihənin quruluşçu operatoru kimi yoxlayaq. Amma, əslində, bu doğru deyil. Çünki həmin adam mütləq təcrübə qazanıb sonra peşəkar filmə gəlməlidir, amma indi maliyyəyə görə, sponsor azlığına görə məcburuq.

Kommersiya layihəsində sənət axtarsam, əlbəttə, iş getməyəcək

– Aydındır. Rüfət, "Səma ilə görüş" filminin də quruluşçu rejissoru olmusan. Bu film prodüser filmidir. Rejissor kimi baxanda prodüserlə işləməyin üstünlüyü, yaxud çətin tərəfləri nələrdir?

– Mən, əslində, hər ikisinə eyni yanaşıram. Müəllif filmində özümə diktə elədiyim şeyləri prodüser filmində də edirəm. "Səma ilə görüş"də prodüser Orxan Mərdanla çox yaxşı anlaşdıq. Aydındır, prodüserin də istəkləri olur, gərək onu da yerinə yetirəsən, çünki o bu işə kommersiya kimi yanaşır. İndi mən durub prodüserin kommersiya layihəsində sənət axtarsam, əlbəttə, iş getməyəcək, alınmayacaq, çünki bu işin məqsədi kassa yığmaqdır, vəssalam.

– Amma bəzən bu kommersiya məqsədi çox aşkar görünür. Məsələn, Taleh Yüzbəyovun "Bəlkə də" filmində Eynşteynə dovğa təklif olunur və o dovğa filmin əsas sponsoru olan şirkətin məhsulu idi. Ümumiyyətlə, bir çox filmlərdə sponsorun reklam edilməsi çox aşkar hiss etdirilir.

– Nihat, bu, reklam şirkətinin rəhbərindən və bir az yanaşmasından asılı məsələdir. Onlar, təbii, layihədə öz məhsullarını reklam eləməkdə maraqlıdırlar, filmi çəkənə isə pul lazımdır. Bu iki hal sən deyən nəticəyə gətirib çıxarır. Digər ölkələrlə müqayisə edəsi olsaq, orada film sektorunda olanlar imkanlı adamlardır, bizdə isə kasıblar. Azərbaycanda kino sektorunda tək-tük adam var ki, maddi vəziyyəti normaldır, qalan hamı kasıbdır. Buna görə filmdə məcbursan ki, maliyyə yatıranın istəyinə razı olasan, çünki pul ondadır.

Başqa tərəfdən isə, bəzən belə hallar xarici filmlərdə də olur. Ola bilər ki, bizdə hələ təzədir deyə, adamlara qəribə gəlir. Ümumiyyətlə, bu şeylər bir az da film ulduzlarının olub-olmamasına bağlıdır. Necə ki şou-biznes cameəsinə ulduzlar var, kinoda da olmalı və yaranmalıdır. Çünki onların ulduz olması həm də biznesin yaranması deməkdir.

Azərbaycanda kinoteatrlar barmaqla sayılır, kinonu sata bilmirik

– Bizdə kino ulduzu var? Məsələn, kino ulduzu deyəndə kim gəlir ağlına?

– Sənubər İsgəndərli, Qurban İsmayılov. Yaxud gənc nəsildən Taleh Yüzbəyov, Əlixan Rəcəbov və başqaları. Bu adamlar artıq kino ulduzu deyə biləcəyimiz adamlardır. Niyə? Çünki bu adamlara böyük layihələrdə ehtiyac var. Amma müqayisə etsək, xaricilərdə kino ulduzlarının müəyyən biznesləri olur, bizdə isə bu qəti şəkildə yoxdur. Bizdə heç kinoteatrlar barmaqla sayılır, kinonu sata bilmirik. Bizim Kino Agentliyindən başqa donor alacağımız yer yoxdur. Televiziya kanalları isə öz balaca büdcələri ilə efirdə reytinqi qorumalıdırlar, ona görə də bayaq dediyimiz gündəlik seriallara gedirlər.

– Azərbaycanda kino gəlir gətirir?

– Gəlir gətirə bilər, bir şərtlə ki davamlılıq qorunsun, bu özü inkişafa zəmin yaradır. Sən kinoya bu gün sərmayə yatırım, sabah götürüm anlayışı ilə yanaşsan, heç nə alınmayacaq, bunun üçün zaman lazımdır. Bizdə heç bir iş adamına sərf eləmir ki, bu gün maliyyə yatırsın və gözləsin ki, iki ilə-üç ilə effekt verəcək. Bu mənada, platformalar lazımdır, kinonu sata biləcəyimiz yerlər olmalıdır, olmasa, özəl televiziya kanallarından asılı qalacağıq və inkişaf gec olacaq.

– "Mən, Lalə, bir də Şerlok Holms" uşaq serialı barədə danışaq. Çox böyük uğur gətirdi. Bəs uşaq serialını çəkmək ideyası necə yarandı?

– "Bu şəhərdə kimsə yoxdur" serialını çəkirdik. O zaman özümün uşaq serialı layihəm var idi. Bəzən evdə görürdüm ki, uşaqlar xarici, yaxud türk seriallarına baxırlar, onların sözlərini işlədirlər. Üstəgəl, o filmlər onlara təsir edir. Məsələn, mən bir dəfə uşaqlara "Bir qalanın sirri", "Sehirli xalat"ı izlətdirdim, gördüm ki, ana dilində belə filmlər onlara maraqlı gəlir. Beləcə daha da həvəsləndim və götürüb o ssenarini apardım İTV-yə. Orada məlum oldu ki, onların özlərinin hazırda uşaq serial ssenariləri var və rejissor axtarışındadırlar. Ssenari ilə tanış oldum, gördüm ki, çox yaxşıdır. Ssenaridə kitab var, kitab qəhrəmanları, reallıq, mistika, öyrədicilik, bir sözlə, uşaqlar üçün faydalı olacaq hər şey var, deməli, uğurludur. Öz ssenarimi saxladım, başladıq onların ssenarisinin üzərində işləməyə.

"Mən, Lalə, bir də Şerlok Holms"un çəkilişləri zamanı ailəlikcə Balakənə köçmüşdüm

- Çəkilişlər üçün altı-yeddi rayon gəzdik, amma bizə lazım olan yer tapa bilmirdik. Təsəvvür elə, yetmiş nəfərlik heyət, onların qala biləcəyi yer və üstəgəl, ssenarimizə uyğun məkanlar olmalıdır. Bir xeyli axtardıq, nəhayət, quruluşçu operatorumuz dedi ki, gedək bizim rayona – Balakənə, orada olar. Getdik, orada da bir çox kəndləri, evləri gəzdik. Elə belə axtara-axtara, maşınla küçələri gəzə-gəzə bir evin qarşısında dayandım. İnan ki, qapını açmağımla beynimdə canlandırdığım evi gördüm. İnanılmaz dərəcədə uyğun gəldi, ev sahibinə hər şeyi izah elədik, razılaşdıq. Bizə bir dənə də ev lazım idi, elə oldu ki, qonşudakı həyət də tam bizə lazım olan ev oldu. Yetmiş nəfərlik heyətlə köçdük ora, iki ay Balakəndə qaldıq. Hətta mən ailəliklə getmişdim. İki ay çəkiliş getdi, 8 ay isə montaj mərhələsi. "Mən, Lalə, bir də Şerlok Holms" layihə kimi böyük qazanc gətirməsə də, amma kifayət qədər uğur gətirdi, sevimli bir seriala çevrildi.

– Bəs öz yazdığın ssenari nə oldu?

– O hələ ki qaldı. İmkan olar, onu da çəkərəm.

– Serialın ikinci mövsümü də çəkildi, necə keçdi çəkilişlər?

– Bəli, çəkilişlər bitib və hazırda ikinci mövsümün montaj prosesi gedir, deyim ki, bu mərhələ daha maraqlıdır. Çünki birinci mövsüm bir kənddə idi, burada isə hər seriya ayrı-ayrı yerlərdə çəkilib. Məsələn, bir seriya "İçərişəhər"də, biri də Şuşada çəkildi. Sonra birinci mövsümdə kitab qəhrəmanları vardısa, burada tarixi qəhrəmanlar var və ikinci mərhələdə uşaqlar artıq bir rəqiblə mübarizə aparacaqlar, bir sözlə, daha ciddi problemlərlə qarşı-qarşıya olacaqlar.

Şuşada serial çəkən ilk komandayıq

– Bizim üçün bir başqa önəmli məqam isə Şuşa ilə bağlıdır, çünki biz şəhərin tarixində ilk komandayıq ki, orada serial çəkdik. Bunun bizim üçün sevinci ayrıdır.

– Bəs üçüncü mövsüm barədə düşünürsünüz?

– Məncə, yox. Doğrudur, ikinci mövsüm yayımlandıqca ümumi fikir daha da aydın olacaq, amma belə ümumən, mövsümdən başqa məhz bu layihənin filmini çəkməyi düşünürük.

– Bizim film və seriallarda uşaqlarla bağlı həmişə problem yaşanıb. Onların filmə uyğunlaşması, rollarına öyrəşməsi və sair. Amma bu serialda uşaq heyəti kifayət qədər uğurludur.

– Bu çox çətinliklə oldu. Kənardan rahat görünə bilər...

Elə valideyn vardı ki, heç vaxt kinoya çəkilməyən uşağına görə fantastik qonorar istəyirdi

– Uşaq obrazlarından biri aktyor Rasim Cəfərin (Rasim Cəfər, – "Mən, Lalə, bir də Şerlok Holms" serialında Şerlok rolunun ifaçısı, – N.P.) qızı idi, deyəsən.

– Hə, o da bir seriyada "Qırmızıpapaq" rolunu oynamışdı. Digər obrazları tapmağa gəlincə, mən Rasimə demişdim ki, uşaqlarla işləməyə mənə kömək etsin, çünki başqa cür öhdəsindən gələ bilməzdik. İki aydan çox uşaq obrazları axtardıq. Axırı getdik incəsənət məktəbinə, haradasa, 100-150 uşaq arasından baş qəhrəmanlardan biri olan Laləni tapdıq. Çox fəal idi, özündən əlavələr edirdi, jestikulyasiya-filan, dedik, vəssalam, bu odur.

Başqa bir məsələ - elə uşaq var idi, bizə uyğun gəlirdi, amma valideyni razılıq vermirdi. Hətta elə valideyn vardı ki, heç vaxt kinoya çəkilməyən uşağına görə fantastik qonorar istəyirdi, elə bil uşağına cek-pot kimi baxırdı.

Çəkilişlərə bir həftə qalmış isə digər baş qəhrəman olan Murad obrazını tapdıq. O uşaq AzTV-də epizodik rolda çəkilmişdi. Adı Məhəmməddir. AzTV-də ona Rəşid obrazını oynatmışdılar, o obraz onun beynində necə qalıbsa, bu rolu da elə oynayırdı. Bilirsən, uşaq beynidir, təmizdir, bir şeyi necə qavrasa, elə də qalır. Ona görə də biz onu Rəşidlikdən çıxarmaq üçün bir xeyli əziyyət çəkdik.

İlk bir ay adaptasiya prosesi oldu. Bilirsən, uşaqlarla işləmək çox çətindir. Gecədir, çəkiliş getməlidir, amma baxırsan ki, uşaq yuxulayır, yaxud səhərdir, çəkiliş olmalıdır, baxırsan ki, ssenarini oxumayıb, hazır deyil. Müqayisədə ikinci mövsüm rahat oldu, çünki uşaqların çoxu artıq öyrəşmişdilər. Hətta sənə deyim, elə çəkiliş meydançaları görmüşük ki, uşaq illərin aktyoruna deyib ki, sən Allah, bu sözü düz de, çəkək qurtaraq. Yaxud aktyor sözünü unudub, uşaq ona pıçıldayıb yadına salıb. Yəni çəkiliş meydançasında belə şeylər çox olur...

– Son olaraq, necə oldu ki, kinoya gəldin? Bildiyimə görə, İqtisadiyyat Universitetinin məzunusan.

– Elədir. Birinci kursda oxuyanda KVN-də oynayırdım. Bizi başqa-başqa layihələrə aparırdılar. O zaman televiziyaların birində "Yaradıcılıq emalatxanası" açılmışdı, biz də gedib qoşulmuşduq. Mən orada Elxan Cəfərovla (Elxan Cəfərov – azərbaycanlı rejissor, əməkdar incəsənət xadimi, – N.P.) tanış olmuşdum. Belə bir çox kino adamları gəlib gedirdi ora, nə bilim, onlara çay süzürdüm, söhbətlərinə qulaq asırdım. Demək olar, günüm orada keçirdi.

Məndən rejissor alınacağına inamım yox idi

Bir gün Elxan Cəfərov reklam çəkirdi, təklif oldu ki, məni özünə köməkçi götürsün. Elə də oldu, onsuz da ona qədər bütün xırda işləri görürdüm. Beləcə, həmin layihədə köməkçi oldum. Sonra Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" film-klipində də Elxan müəllimlə işlədim, həmin layihə mənim üçün ən böyük praktikalardan biri oldu. Amma deyim ki, məndən rejissor alınacağına inamım yox idi. Elə bilirdim, rejissor olmaq üçün Elxan Cəfərov kimi doğulmaq lazımdır. Amma sonra KVN-nin (Şən və Hazırcavablar Klubu - müəl) uşaqları ilə qısametrajlı bir film çəkdim, daha sonra birini, ardınca bayaq bəhs elədiyimiz "Aramızda qalsın" serialında türk rejissorla işədim. Elə alındı ki, o rejissor layihədən getdi, mən qaldım. Nihat, elə aktyor var idi ki, narazılıq eləyirdi ki, yox, mən bu layihəyə türk rejissora görə gəlmişəm, Rüfətlə işləmək istəmirəm-filan... Yəni beləcə gəlib çıxdıq bu günə...

Hə, yekunda bunu da deyim, mənə tez-tez sual verirlər ki, gənc rejissorlara nə məsləhət görürsən? Bir cavabım müsahibənin əvvəlində dediyim olsun, biri isə bu: pul qazanmaq üçün özlərinə iş tapsınlar, bu sahəyə gəlsələr, kasıb olacaqlar...

Son xəbərlər

Bütün Xəbər Lenti