Vahid kibertəhlükəsizlik platformasında məlumat mübadiləsi həyata keçiriləcək
- 02 oktyabr, 2026
- 11:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda yaradılacaq vahid kibertəhlükəsizlik platformasında məlumat mübadiləsi həyata keçiriləcək.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyəti sədrinin müavini Elvin Şahverdiyev ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində panel müzakirədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda vahid kibe təhlükəsizlik platformasının yaradılması ilə bağlı proseslərə başlanılıb: "Onun əsas mahiyyəti sahəvi CERT-lərin ölkədə inkişaf etdirilməsi, onların öz sahəsi üzrə kibertəhdid və kiberrisklərlə bağlı kifayət qədər məlumatlı olmasıdır. Bu məlumatların toplanaraq aidiyyəti üzrə paylaşdırılması mexanizminin formalaşdırılması əsas götürülür və bu məlumatların paylaşılması üçün ana platformanın məhz vahid kiber təhlükəsizlik platforması olması artıq hədəflənib".
E.Şahverdiyev qeyd edib ki, platforma yaradıldıqdan sonra ölkədə mövcud olan sahəvi CERT-lərin bu platforma üzərindən məlumat mübadiləsini həyata keçirməsi nəzərdə tutulur: "Üstəlik, ölkədə sahəvi CERT-lərin inkişaf etdirilməsi fonunda vahid kibertəhlükəsizlik platformasının daha geniş istiqamətdə istifadəsinin təmini əsas məqsədlərdən biridir. Bu sistemin qurulması ölkənin rəqəmsal infrastrukturunun qorunmasında və kiberhücumların qarşısının operativ şəkildə alınmasında mühüm rol oynayacaq".