TDT daxilində Rəqəmsal Ticarət Dəhlizi Konsepsiyasının hazırlanması təklif edilir

İKT
  • 16 sentyabr, 2026
  • 16:14
TDT daxilində Rəqəmsal Ticarət Dəhlizi Konsepsiyasının hazırlanması təklif edilir

Özbəkistan Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri üçün Rəqəmsal Ticarət Dəhlizi Konsepsiyasının hazırlanmasını təklif edir.

"Report" xəbər verir ki, bunu Özbəkistanın Mərkəzi Asiya üzrə Beynəlxalq İnstitutun İqtisadi Tədqiqatlar şöbəsinin müdiri Azamat Toşev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.

Onun sözlərinə görə, Özbəkistan texnoloji və rəqəmsal əməkdaşlığın inkişafı üzrə bir sıra təkliflər hazırlayıb: "Birincisi, TDT çərçivəsində texnoloji və rəqəmsal inkişaf, o cümlədən süni intellekt sahəsində Strateji Əməkdaşlıq Şəbəkəsinin formalaşdırılmalıdır. Bu məsələ prioritet istiqamət olaraq qalır. Xüsusilə süni intellekt, rəqəmsal dövlət xidmətləri, fintex, kibertəhlükəsizlik və logistika sahələrində tərəfdaşlıq praktiki qarşılıqlı əlaqələrin yeni istiqamətlərini aça bilər".

Şöbə müdiri qeyd edib ki, qarşılıqlı əlaqələri daha da möhkəmləndirmək məqsədilə Özbəkistanın təşəbbüsü ilə 22–25 sentyabrda TDT Texnologiya Forumu keçiriləcək: "Forum transsərhəd innovasiyaların inkişafına, ümumi rəqəmsal infrastrukturun formalaşdırılmasına, habelə TDT-yə üzv ölkələrin startap-ekosistemlərinin vahid regional bazarda birləşdirilməsi yollarının axtarışına yönələcək".