Azərbaycan apardığı islahatlarla BMT-nin ən yüksək rəqəmsal inkişaf qrupunda

İKT
  • 20 noyabr, 2026
  • 17:47
Azərbaycan apardığı islahatlarla BMT-nin ən yüksək rəqəmsal inkişaf qrupunda

Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə son reytinqində 2024-cü ildəki 74-cü yerdən 36 pillə irəliləyərək 38-ci mövqedə qərarlaşması son illər dövlət qurumlarında aparılan islahatlarının nəticəsidir.

Bunu "Report"a açıqlamasında kibertəhlükəsizlik eksperti Fərid Musayev bildirib.

"İrəliləyiş tək bir göstərici ilə məhdudlaşmır. Burda telekommunikasiya infrastrukturu da var, insan kapitalı da var, Qurumlararası rəqəmsal körpünün, belə deyək, rəqəmsal sənəd dövriyyəsinin aktivləşməsi və bir pəncərə prinsipinə uyğunlaşdırılması məlumat mübadiləsini daha sürətli və daha rahat formaya gətirib çıxarıb. Nəticə etibarilə onlayn xidmətlərin indeksi yüksəlib", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, növbəti mərhələdə təbii addım indeks ballarını vətəndaş təcrübəsinə çevirməkdir: "Yəni ki, göstərilən xidmətlərin nə qədər əlçatan olması, əhalinin onlardan nə qədər tez-tez yararlanması önəmlidir. Növbəti dəfə mütləq şəkildə kibertəhlükəsizlik yetkinliyi, süni intellekt həllərinin idarəetmə çərçivəsi müzakirə olunacaq. Düşünürəm ki, aparılan islahatlar bu göstəricilərdə də artıma səbəb olacaq".

Xatırladaq ki, Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib və bu da 2024-cü ilin göstəricisi (0,7607) ilə müqayisədə 16,3 % artım deməkdir. Beləliklə Azərbaycan "Çox yüksək EHİİ" kateqoriyasında daha üstün rəqəmsal inkişafa nail olub və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin də yer aldığı V3 altqrupuna yüksəlib.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti tərəfindən iki ildən bir hazırlanan EHİİ ölkələrin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsini Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI) olmaqla üç əsas komponent üzrə qiymətləndirir. 2026-cı il hesabatına rəqəmsal dövlət xidmətlərinin inteqrasiyası, vətəndaşların həyat hadisələrinə uyğun xidmətlər və süni intellekt əsaslı həllər kimi yeni istiqamətlər əlavə edilib.

Belə ki, Azərbaycanın BMT-nin EHİİ 2026 hesabatında hər üç əsas komponent üzrə ardıcıl irəliləyişi qeydə alınıb. Ən böyük yüksəliş Onlayn Xidmətlər İndeksindədir (OSI). Ölkəmiz bu göstərici üzrə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib. Qeyd edək ki, Onlayn Xidmətlər İndeksi dövlət xidmətlərinin rəqəmsal mühitdə inkişaf səviyyəsini qiymətləndirən beş əsas altindeksi - institusional çərçivə, xidmətlərin təqdim edilməsi, məzmunun təqdim edilməsi, texnologiya, eləcə də vətəndaşların iştirakı və cəlb olunmasını özündə ehtiva edir.

Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə Böyük Britaniya (12), İslandiya (16), ABŞ (18), Kanada (20), Norveç (22), Avstraliya kimi Avropa və yüksək gəlirli ölkələrin göstəricilərini də üstələyib. İndeksin xidmətlərin təqdim edilməsi altindeksi üzrə ölkəmiz dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdədir. Qeyd edək ki, xidmət təqdimatı altindeksində Azərbaycan dünya üzrə EHİİ göstəricisinə görə 8-ci mövqedə olan Estoniya ilə 10-cu yeri bölüşür.

44 filmi