Koşta: Aİ və Britaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcək
- 20 noyabr, 2026
- 17:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyə davam edəcək.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Aİ-Böyük Britaniya sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Aİ və Böyük Britaniyanı tarixi münasibətlər, ortaq dəyərlər, habelə demokratiyaya, insan hüquqlarına, qanunun aliliyinə və beynəlxalq nizama sadiqlik birləşdirir.
Koşta qeyd edib ki, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq 2025-ci ildə tərəflər arasında münasibətlərin yenidən qurulmasının başlanğıc nöqtəsi olub. Yeni tərəfdaşlıq çərçivəsində tərəflər hibrid təhdidlərə, xarici müdaxiləyə qarşı mübarizə, həmçinin dəniz və kosmik təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyəti genişləndiriblər.
O bildirib ki, Aİ və Böyük Britaniya Londonun Avropa İttifaqının mülki missiyalarında daha müntəzəm iştirakına imkan verəcək sazişlə bağlı danışıqları başa çatdırıb.
Koşta vurğulayıb ki, hazırkı geosiyasi şəraitdə Avropanın birliyə ehtiyacı var və Aİ Böyük Britaniya ilə sıx əməkdaşlığa çalışacaq.