ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
- 18 noyabr, 2026
- 04:05
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-da istifadəçilər Gmail və Outlook e-poçt xidmətləri ilə bağlı problemlərdən şikayət edirlər.
"Report" xəbər verir ki, bu barədə populyar internet resurslarının işindəki nasazlıqları izləyən Downdetector saytının məlumatlarında bildirilir.
Outlook-un fəaliyyətində ilk problemlər Bakı vaxtı ilə saat 17:58 radələrində qeydə alınıb. Şikayətlərin sayı saat 22:51-də pik həddə çatıb.
Gmail-dəki nasazlıqlar barədə məlumatlar isə saat 19:36-dan etibarən daxil olmağa başlayıb. Ən çox şikayət saat 21:21-də qeydə alınıb.
Son vaxtlar ABŞ-də dövlət qurumlarının və iri şirkətlərin sistemlərində mütəmadi olaraq texniki nasazlıqlar baş verir.
Ötən həftə ABŞ Federal Aviasiya Administrasiyası hava hərəkətini idarəetmə mərkəzlərində rabitə sisteminin sıradan çıxması səbəbindən ölkə üzrə bütün uçuşları dörd saatdan çox müddətə dayandırıb.
Bundan başqa, texnologiya nəhəngi "Microsoft", ABŞ-nin iri aviaşirkətlərindən biri olan "United Airlines", "JPMorgan Chase" bankı və "Apple" korporasiyasının xidmətlərində də genişmiqyaslı nasazlıqlar qeydə alınıb.
Daha əvvəl ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) də daxili kompüter şəbəkəsində yaranan nasazlıqlar barədə məlumat yayıb.