"Birliyin Gücü – 2026" hərbi təliminin sonunda iştirakçı ölkələrin bayraqları ilə birgə keçid olacaq
- 01 oktyabr, 2026
- 10:49
Yeniliklərdən dərhal xəbərdar olun!
"Birliyin Gücü – 2026" hərbi təliminin sonunda iştirakçı ölkələrin bayraqları ilə birgə keçid olacaq.
"Report"un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov "Birliyin Gücü – 2026" birgə hərbi təlimi ilə bağlı media nümayəndələri üçün yaradılan media mərkəzində keçirilən brifinqdə deyib.
A.Eyvazov bildirib ki, təlimdə həm dezinformasiyaya qarşı mübarizə, eyni zamanda, kibertəhdidlərə qarşı mübarizə mövzuları əhatə olunub:
"Hazırda bizim olduğumuz yerin adı Qızılqaya Təlim Mərkəzidir. Mərkəzdə həyata keçirilən təlimdə kibertəhdidlərə, dezinformasiyaya qarşı mübarizə, antiterror tədbirləri və qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi təlimi həyata keçirilir".
O deyib ki, təlim 3 mərhələdə təşkil olunub:
"Hətta mən deyərdim 4-cü mərhələ təlimin başa çatması ilə bağlıdır. 1-ci faza hibrid təhdidlərə qarşı mübarizə, kiberhəmlələrin aşkar edilməsi və zərərsizləşdirilməsi, mediada dezinformasiyaya qarşı məlumatlandırma, güc nümayişi və çəkindirmə, 2-ci faza diversiyaya qarşı mübarizə və antiterror tədbirləri, 3-cü faza isə qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi ilə bağlıdır. Təlimin sonunda isə iştirakçı ölkələrin bayraqları ilə birgə keçid olacaq".
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Eyni zamanda təlimdə İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində iştirak edir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.