Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən cinsi azlığın nümayəndələrinə hökm oxunub

Hadisə
  • 07 mart, 2017
  • 09:13
Bakıda Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən cinsi azlığın nümayəndələrinə hökm oxunub

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Nəbiyev Qalib Zakir oğlu və 1988-ci il təvəllüdlü Əliyev Firdovsi Qüdrət oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında hər iki şəxsin cinayət əməllərinin sübuta yetirildiyini qeyd edib. O, Q.Nəbiyev və F.Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hər iki şəxsin vəkili müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.

Məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən sonra isə hökm elan edilib. Məhkəmənin hökmü ilə hər iki şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Q.Nəbiyev və F.Əliyev cinsi azlığın nümayəndələridir. Onlar Bakı şəhərində Türkiyə vətəndaşına qarşı quldurluq və soyğunçuluq ediblər.

Belə ki, hər iki şəxs Çalışkan Osmanın 420 manat və 4300 ABŞ dollar pulunu, habelə mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.

Həmin şəxslər ötən il aprelin 20-də Sabunçu rayonunda polis əməkdaşları tərəfindən saxlanılıb.