"Ailə" TV-nin ofisinə basqın edən şəxslərin şikayəti əsasında məhkəmə başlayıb
- 25 sentyabr, 2018
- 06:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Ailə" TV-nin ofisinə basqın etməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Kamil Əliyev, 1995-ci il təvəllüdlü Asib Kambarov, 1997-ci il təvəllüdlü Kamran Süleymanov, 1995-ci il təvəllüdlü Rəşad Əhmədzadə və 1995-ci il təvəllüdlü Orxan Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiirlib.
Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər bir qrup şəxs halında əvvəlcə Xətai rayonu ərazisində yerləşən “Ailə” TV şirkətinin inzibati binasına daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar.
Bundan başqa, adı çəkilən şəxslər Nizami rayonu ərazisində lombarda daxil olaraq orada işləyənlərə hədə-qorxu gələrək 1250 manat pulu ələ keçiriblər.
Həmin şəxslər Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) və 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə təqsirli bilinirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamil Əliyev 11 il, Asib Kambarov 8 il, Kamran Süleymanov 8 il, Rəşad Əhmədzadə 9 il, Orxan Əliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.