Sərxan Hacıyev: "U-20 millisinin Qəbələdəki təlim-məşq toplanışı gələcək üçün komandaya fayda verəcək"

Futbol
  • 25 aprel, 2026
  • 11:54
Sərxan Hacıyev: U-20 millisinin Qəbələdəki təlim-məşq toplanışı gələcək üçün komandaya fayda verəcək

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdəki təlim-məşq toplanışı gələcək üçün komandaya fayda verəcək.

"Report"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O, Şahin İbrahimov və Əli Bəşirovun zədə səbəbindən toplanışdan kənarda qaldığını xatırladıb:

"Növbəti hazırlıq prosesi mayın sonundan iyunun əvvəlinədək planlaşdırılır. Qəbələdəki toplanış iki həftə çəkəcək. Bu dəfə baş məşqçi Ruy Jorjenin istəyi ilə yoxlama oyunları olmadı. İkinci təlim-məşq toplanışında yoxlama matçı planlaşdırılır. Lakin hələlik rəqiblə bağlı qərar verilməyib".

Qurum rəsmisi dünya çempionatına hazırlıqlarla bağlı müəyyən dövlət qurumları ilə əlaqədə olduqlarını vurğulayıb:

"FIFA bu prosesə birbaşa rəhbərlik edir. Özbəkistanla birlikdə yarışa ev sahibliyi edəcəyik. Həmkarlarımızla sıx əlaqədəyik. Detallı məlumatlar hələlik yoxdur. Yaxın günlərdə açılış, bağlanış matçları, püşkatma ilə bağlı məlumatlar veriləcək".

Xatırladaq ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.