"Atletiko" yeni investorun nəzarətinə keçib
- 11 noyabr, 2025
- 06:21
"Atletiko" futbol klubu "Apollo Sports Capital" (ASC) investisiya şirkətinin səhmlərinin nəzarət paketinin satışını elan edib.
"Report" xəbər verir ki, razılaşma çərçivəsində Migel Anxel Xil və Enrike Sereso kluba müvafiq olaraq baş direktor prezident kimi rəhbərlik etməyə davam edəcək və səhmdar olaraq qalacaqlar. Onların rəhbərliyi altında son iyirmi ildə "Atletiko" özünü Avropanın ən uğurlu və tanınmış futbol klublarından biri kimi tanıdıb.
Səhmdarlar klubun uzunmüddətli planlarını dəstəkləmək üçün kapital təmin etməyi, o cümlədən "Atletiko"nun komandalarına və böyük infrastruktur layihələrinə daha çox investisiya qoymağı planlaşdırırlar.
"Kluba sadiq olan yeni tərəfdaşımızı salamlamaqdan məmnunuq. "Apollo Sports Capital" "Atletiko" və azarkeşlərinin tarixinə, ənənəsinə, şəxsiyyətinə hörmət edən, eyni zamanda böyüməmizi və rəqabət qabiliyyətimizi qorumaq üçün əlavə qaynaqlar və həvəs gətirən etibarlı müttəfiqimizdir", - klubun rəsmi saytı Xilin sözlərini sitat gətirib.
"Atletiko" İspaniya çempionatında 12 turdan sonra 25 xalla turnir cədvəlində dördüncü yeri tutur. Komanda Çempionlar Liqasında 6 xal toplayıb.