Teymur Rəcəbov: "Azərbaycan millisinin Avropa çempionatında gümüş medal qazanması uğurdur"
- 25 oktyabr, 2025
- 14:01
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanması mütləq uğurdur.
"Report" xəbər verir ki, bu barədə yığmanın kapitanı Teymur Rəcəbov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.
O, yarışla bağlı təəssüratlarını bölüşüb:
"Reytinqə görə Azərbaycan turnirin dördüncü komandası idi. Çempionat ərzində qızıl medal uğrunda mübarizə apardıq və sonda gümüş medal qazandıq. Məncə, nəticə milli komandamız üçün mütləq uğurdur. Son tur ərəfəsində Azərbaycan və Ukrayna komandalarının hər biri 13 xal toplamışdı. Vəziyyətə nikbin baxırdıq və Serbiyaya qarşı oyunda qələbə qazanmağı hədəfləyirdik. Ukrayna komandası qalib gəlsəydi, tay-breyklərə əsasən birinci yeri tutmaq üçün matçımızda böyükhesablı qələbəyə ehtiyacımız olacaqdı. Şahmatçılar döyüşkən əhval-ruhiyyədə idilər və qızıl medal uğrunda mübarizə aparmaq üçün digər oyunlara nisbətən daha çox riskə getdilər. Görüşün əvvəlində vəziyyət kifayət qədər bərabər görünürdü, müəyyən oyunlarda bəzi açılış problemləri var idi və digər lövhələrdə də təzyiq görünürdü. Ukrayna komandası inamla oynadı və qalib gəldi, ona görə də son turda cüzi fərqlə qələbə qazansaq belə, gümüş medal əldə edəcəkdik. Hamı sona qədər mübarizə apardı və düşünürəm ki, son turda bəxt bizim tərəfimizdə olmadı".
T.Rəcəbov kapitan kimi ilk mükafatını qazanmasına da toxunub:
"Düşünürəm ki, şahmatçılara kapitan kimi dəstəyim bu çempionatda tamamilə özünü doğrultdu. Ən yüksək səviyyədə yarışmağa çalışdıq, mehriban komanda olaraq düzgün mühit yaratmağa nail olduq. Şahmatçıların çoxunu illərdir tanıyıram və buna görə də milli komandamızın maraqları naminə birlikdə çalışmaq çox xoş oldu".
Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxışı barədə danışan kapitan onların güclü şahmatçılar olduğunu vurğulayıb:
"Döyüşkən və özlərini sübut etməyə can atırlar, nə qədər çətin olsa da, hər matçda oynamağa hazır olduqlarını göstərdilər. Onlarla ünsiyyət qurmaq asandı. Hər ikisi məşqləri davam etdirməlidi. Gərgin hazırlıqları davam etdirməklə, çox işləyərək reytinqlərini 2700-ə çatdırmaq şansları var. Amma bu gərgin hazırlıq sabah və ya o biri gün deyil, bu gündən başlamalıdır. Mən onlara inanıram və çox yaxından izləyirəm. Qarşılarında böyük bir gələcək var və onların qətiyyəti gələcəkdə milli komandanın nəticələrinə birbaşa təsir edəcək".