ACF və AMADA Azərbaycanın cüdo millisi üçün anti-dopinq seminarı keçirib
- 11 noyabr, 2026
- 18:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə gənc qızlardan ibarət Azərbaycan milli komandasının üzvləri üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Bu barədə "Report"a ACF-nin mətbuat xidmətindən məlumat verilib.
Təlimin əsas məqsədi idmançılar arasında təmiz və ədalətli idman prinsiplərinin təşviqi, dopinqin sağlamlığa və idman karyerasına mümkün təsirləri barədə məlumatlılığın artırılması olub.
Seminar zamanı beynəlxalq yarışlarda qüvvədə olan anti-dopinq qaydaları, qadağan olunmuş maddələr və üsullar, bəzi dərman vasitələrinin tərkibində dopinq nəzarəti baxımından risk yarada biləcək komponentlərin mövcudluğu barədə iştirakçılara ətraflı məlumat verilib.
Eyni zamanda, idmançıların qəbul etdikləri dərman və preparatlarla bağlı diqqətli olmalarının vacibliyi, bu məsələdə həkim, məşqçi və idmançı arasında düzgün və davamlı kommunikasiya qurulmasının əhəmiyyəti vurğulanıb.