Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Daxili siyasət
  • 11 noyabr, 2026
  • 19:06
Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarında azərbaycanlıların qovulması nəticəsində boşalmış Qursalı (Arcahovit) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma hazırlanıb.

"Report" xəbər verir ki, Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları Qursalı (indiki Arcahovit) azərbaycanlı kəndi çarizm Rusiyası dövründə - Qursali, Qursalı, sovet dövründə - Qursali adlandırılıb. 1995-ci ilin dekabrında kəndin adı Xursali olaraq dəyişdirilib. Hal-hazırda rəsmi erməni mənbələrində kəndin iki adından istifadə edilir: Qursal və Arcahovit. Sonuncu Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində qoyulub. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.

Qeyd edək ki, XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1908-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. 1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 824 nəfər yaşayıb. Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar. 1931-ci ildə kənddə 1040, 1959-cu ildə isə 1314 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar. 1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 69 nəfər yaşayıb.

Britaniyalı jurnalist və qafqazşünas Tomas de Vaalın "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabında qeyd edilir ki, Qursalı kəndinin azərbaycanlı əhalisi 1988-ci ilin noyabrında Ermənistan SSR-in güc strukturları nümayəndələrinin və silahlı dəstələrin təzyiqi altında zorakılıqla qovulub.

Qursalının keçmiş sakini Səmayə Hüseynova bu dövrlə bağlı başlarına gələnləri bölüşüb: "Noyabr ayında bir erməni gəlib bizə dedi ki, qonşu kəndi də çıxaracağıq, siz də Azərbaycana getməlisiniz. Biz də dedik ki, heç cür Azərbaycana getməyəcəyik, biz burada doğulmuşuq. Bizim nəyimiz varsa, buradadır: mal-qaramız, ev-eşiyimiz. Biz niyə Azərbaycana getməliyik ki? O dedi: "İndi baxarsınız, biz sizi Sumqayıta görə qurban verəcəyik".

"İrəvan quberniyasının 1902-ci ilə olan yaddaş kitabçası"nda kənddə məscidin olduğu qeyd edilir, lakin həmin məscid günümüzə qədər gəlib çıxmayıb. 1960-cı illərə aid fotoşəkillərdə Qursalı qəbiristanlığında yerləşən və sonradan dağıdılmış müsəlman məqbərəsi də əks olunub.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə üzərilərində ərəbcə yazılar olan dağılmış məzar daşlarının qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib. Onlardan bəziləri XX əsrin əvvəllərinə aiddir.

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi