Fon der Lyayen: Dünya qlobal dönüş nöqtəsinə yaxınlaşır
- 11 noyabr, 2026
- 18:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünya iqlim böhranı və enerji təhlükəsizliyinə təhdidlər fonunda qlobal dönüş nöqtəsinə yaxınlaşır.
"Report"un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen COP31 çərçivəsində yüksək səviyyəli iclasda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu yay Nepalda dağıdıcı daşqınlarla, Sudandan Mərkəzi Amerikaya qədər və Avropada quraqlıqlarla, bütün müşahidə tarixi ərzində meşə yanğınlarının ən ağır mövsümlərindən biri kimi yadda qalıb.
"Eyni zamanda, iqlim böhranı cərəyan etdiyi bir vaxtda Hörmüz boğazı vasitəsilə enerji resurslarının tədarükündəki fasilələr dünya enerji bazarlarını sarsıdır", - Avropa Komissiyasının sədri deyib.
Onun sözlərinə görə, dünya həm iqlim, həm də enerji təhlükəsizliyi üçün əvvəlki kursun saxlanılmasının fəsadlarını artıq hiss edir.
"BMT-nin son hesabatı heç bir şübhəyə yer qoymur: biz 1,5 dərəcəlik hədəf göstəricisinin aşılmasına doğru gedirik və dərəcənin hər bir hissəsinin əhəmiyyəti var. Buna görə də biz səylərimizi fəallaşdırmalıyıq. Və Avropa öz töhfəsini verəcək", - fon der Lyayen vurğulayıb.
O qeyd edib ki, Avropa İttifaqı (Aİ) emissiyaları 2030-cu ilə qədər yarıdan çox, 2040-cı ilə qədər isə 90 % azaltmaq niyyətindədir.
"Bu, 2050-ci ilə qədər Avropanın ilk iqlim baxımından neytral qitəyə çevrilməsi yolunda mühüm addım olacaq", - Avropa Komissiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, ötən il Avropa İttifaqında elektrik enerjisinin 70 %-dən çoxu təmiz mənbələrdən istehsal edilib. Aİ-nin elektrikləşdirmə üzrə fəaliyyət planı son enerji istehlakında elektrik enerjisinin payının 2040-cı ilə qədər 46 %-ə çatdırılmasını nəzərdə tutur.
"Təmiz enerjiyə keçid yalnız bütün dünyada həyata keçiriləcəyi təqdirdə uğurlu ola bilər. Avropa dünyada iqlim maliyyələşdirilməsinin ən böyük təminatçısıdır. Ötən il biz inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün 32 milyard avrodan çox vəsait ayırdıq, "Global Gateway" təşəbbüsü çərçivəsində isə 300 milyard avrodan çox dayanıqlı investisiyaları səfərbər etdik", - o qeyd edib.