ABFF rəsmisi: "Bakıda keçiriləcək dünya çempionatında məqsədimiz birinci olmaqdır"
- 27 oktyabr, 2025
- 16:31
Bakıda təşkil olunacaq qol güləşi üzrə dünya çempionatında Azərbaycan millisinin məqsədi birinci olmaqdır.
Bunu "Report"a Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının (ABFF) qol güləşi üzrə vitse-prezidenti Azər Məhərrəmov deyib.
O, ölkənin turnirdə 145 idmançı ilə təmsil olunacağını vurğulayıb:
"Dünya çempionatında 145 idmançı ilə təmsil olunacağıq. Bundan əvvəl Avropa çempionatında 14 idmançı ilə çıxış etmişdik və birinci yeri tutmuşduq. Bakıda təşkil olunacaq dünya çempionatında da məqsədimiz birinci olmaqdır. Çünki dünya çempionluğumuz yoxdur. Turnirdə 30 ölkədən 500-ə yaxın idmançı iştirak edəcək. Mundiala ən çox idmançı ilə qatılacaq ölkə Azərbaycandır".
Qurum rəsmisi ən ciddi rəqiblərin adlarını açıqlayıb:
"Ən ciddi rəqiblərimiz ABŞ, Bolqarıstan, Polşa idmançıları olacaq. Hindistan yeni qoşulub, onlarla heç vaxt görüşməmişik. Azərbaycana gələnlərin hamısı güclü ölkələrdir. Hər ölkənin ən yaxşı idmançıları iştirak edəcəklər. Reqlamentə gəlincə, hər kəs tək-tək mübarizə aparacaq. Sonda isə medalların əyarına və sayına uyğun iştirakçı ölkələrin yerləri müəyyənləşəcək".
Vitse-prezident ən azı 40 nəfərdən yaxşı nəticə gözlədiyini söyləyib:
"Yarışı ona görə Azərbaycana saldıq ki, bu idman növünü inkişaf etdirək. Bəlkə də bu uşaqların əksəriyyəti ömürləri boyunca dünya çempionatı görməyəcəkdi. İstərdik ki, yarışda iştirak etsinlər, təcrübələri artsın. Yəni təkcə zalda məşq etməklə deyil. Bu səviyyədə yarışlara çıxanda həyəcanlı olmasınlar. Hansısa xarici idmançıdan nələrsə öyrənsinlər. 145 nəfərdən ən azı 40-dan yaxşı nəticə gözləyirəm".
Qeyd edək ki, qol güləşi üzrə dünya çempionatı oktyabrın 28-dən 31-nə qədər Bakıda keçiriləcək.