Yaxın zamanda "Qarabağ" yatağında FEED mərhələsinə keçiləcək
- 30 may, 2019
- 07:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Xəzərin Azərbaycan sektorunda yerləşən "Qarabağ" neft-qaz yatağında yaxın zamanda işlənmənin FEED (Front End Engineering Design - ilkin detallı qiymətləndirmə) mərhələsinə keçməsi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında bildirib.
"Equinor" şirkəti ilə birgə layihələndirilən “Qarabağ” yatağının neft və qaz ehtiyatları ilə bağlı gözləntilər də böyükdür. “Abşeron” və “Qarabağ” yataqlarından ilk məhsulun 2021-2022-ci illərdə əldə olunması gözlənilir", - R.Abdullayev deyib.
Xatırladaq ki, “Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar Risk Xidməti” (RXS) Sazişi 2018-ci il mayın 30-da SOCAR-la "Equinor" (keçmiş “Statoil”) şirkətləri arasında imzalanıb. Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. Layihədə şirkətlərin hər biri 50% paya malikdir.
“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.