​SOCAR İstanbulda nümayəndəliyinin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Energetika
  • 10 aprel, 2015
  • 10:27
​SOCAR İstanbulda nümayəndəliyinin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə ofisinin bağlanması ilə bağlı yayılan xəbər həqiqətəuyğun deyil. Bu barədə "Report"a SOCAR-ın Sərmayə İdarəsindən bildirilib.

İdarədən qeyd ediblər ki, "SOCAR"ın Türkiyədəki şirkətində restrukturizasiya həyata keçirilir. Bu işlər çərçivəsində şirkətin İstanbulda ofisi paytaxt Ankara şəhərinə köçürülüb, prosedur qaydalarına görə isə bununla bağlı qəzetdə elan verilib.

"SOCAR-ın Türkiyədəki nümayəndəliyi həcminə görə şirkətin ən irimiqyaslı xarici strukturudur. Hansısa ləğv olunmadan söz gedə bilməz. Sadəcə nəzdində 28 şirkətin birləşdiyi "SOCAR Türkiyə"də bir sıra hallarda restrukturizasiyanın həyata keçirilməsi labüddür", - Sərmayə İdarəsindən bildirilib.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə SOCAR-ın İstanbul nümayəndəliyinin ləğv edilməsi ilə bağlı xəbər yayılıb.