“Şahdəniz” yatağı üzrə əsaslı xərcləri 2 dəfədən çox azalıb

Energetika
  • 05 may, 2022
  • 09:51
“Şahdəniz” yatağı üzrə əsaslı xərcləri 2 dəfədən çox azalıb

Bu ilin birinci rübündə “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 759 milyon ABŞ dolları əməliyyat xərcləri və 88 milyon ABŞ dolları əsaslı xərclər çəkib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin I rübündə “Şahdəniz” yatağı üzrə əməliyyat xərclərinin həcmi ötən ilin müvafiq dövründən 71 milyon ABŞ dolalrı və ya 10,32 % çox, əsaslı xərclərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 93 milyon ABŞ dolları və ya 2,06 dəfə azalıb.

Bildirilib ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.