"Qarabağ" yatağında neft hasilatının pik səviyyəsi açıqlanıb
- 30 iyun, 2025
- 11:55
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" neft yatağında gündəlik hasilatın pik həddi 7,5 milyon barel təşkil edəcək.
Bu barədə “Report” “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.
Hesablamalara görə, hasilatın pik dövründə yataqdan illik 2,7 milyard bareldən çox neft çıxarılacaq.
Daha əvvəl bildirilmişdi ki, "Qarabağ" yatağından ilk neft hasilatına 2029-cu ildə başlanılması planlaşdırılır.
Xatırladaq ki, BP 2025-ci il iyunun 3-də Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə iki layihədə payın alınmasına dair sazişlər imzalayıb.
Birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən “Qarabağ” neft yatağıdır.
İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən “Əşrəfi-Dan ulduzu-Aypara” (ADUA) sahəsidir.
BP bu sazişlərin hər birində SOCAR-dan 35 %-lik iştirak payı alıb. Sazişlərdə qalan 65 %-lik iştirak payını SOCAR özündə saxlayıb. BP hər iki layihədə operator olacaq.
“Qarabağ” yatağında neftin geoloji ehtiyatları ilkin olaraq 60 milyon tondan çox, çıxarıla bilən ehtiyatlar isə 21 milyon ton neft və 13 milyard kubmetr qaz həcmində qiymətləndirilir.