OPEC bu il üçün Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu yeniləyib
- 13 iyul, 2023
- 13:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda 2023-cü ildə maye karbohidrogen hasilatının sutkada 22 min barel artaraq orta hesabla 700 min barel səviyyəsinə çatacağı proqnozlaşdırılır.
"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iyul hesabatına istinadən xəbər verir ki, may ayında əsas neft yataqlarından hasilatın gözləniləndən aşağı olması səbəbindən bu rəqəm gündəlik 7 min barel azalma istiqamətində yenidən nəzərdən keçirilib.
"Köhnə yataqlardakı əsas azalmanın digər yataqlarda hasilatın artırılması hesabına kompensasiya ediləcəyi gözlənilir. Artım əsasən “Şahdəniz” və “Abşeron” qaz-kondensat layihələri hesabına proqnozlaşdırılır", - məlumatda deyilir.
Mayda Azərbaycanda maye karbohidrogenlərin hasilatı əvvəlki ayla müqayisədə bütövlükdə sabit qalıb və ötən illə müqayisədə gündəlik orta hesabla 65 min barel azalaraq 0,7 milyon barel təşkil edib. Rəsmi mənbələrə görə, xam neft hasilatı orta hesabla sutkada 511 min barel, “Şahdəniz” yatağından hasilat isə gündəlik olaraq 145 min barel təşkil edib.
OPEC-in hesablamalarına görə, 2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 30 min azalaraq orta hesabla 0,7 milyon barel olacağı proqnozlaşdırılır.