Ekspert: Özbəkistan və Azərbaycan enerji sahəsində əməkdaşlığı sürətlə gücləndirir
- 15 noyabr, 2025
- 16:02
Son illərdə Özbəkistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər sürətlə inkişaf edir.
"Report"un Daşkəndə ezam edilən müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə Özbəkistanın Perspektivli Beynəlxalq Araşdırmalar İnstitutunun Enerji Diplomatiyası və Geosiyasət Mərkəzinin rəhbəri Hayotjon İbrahimov bildirib.
"Özbəkistan və Azərbaycan arasında ikitərəfli münasibətlər sürətlə inkişaf edir. Son bir neçə il ərzində ən yüksək səviyyədə görüşlər həqiqətən daha intensivləşib. Bu, dövlət başçılarının təkcə diplomatik, sıx münasibətlərə deyil, həm də dostluq əlaqələrinə malik olduğunu göstərir", - deyə o qeyd edib.
Ekspert əlavə edib ki, xüsusilə enerji sahəsində layihə portfelinin fəal inkişafı müşahidə olunur:
"Məsələn, Özbəkistan və Azərbaycan Üstyurt ərazisində yatağın mənimsənilməsi layihəsində iştirak edirlər. Prezidentlər geoloji kəşfiyyat işlərinin aparılması üçün birgə müəssisənin yaradılmasını elan ediblər. Bundan əlavə, iki ölkənin enerji sektorunda digər birgə müəssisələri, xüsusən də qazma işləri üçün kimyəvi reagentlərin istehsalı üzrə müəssisələri var".
H.İbrahimov əlavə edib ki, Özbəkistan, Qazaxıstan və Azərbaycan arasında "yaşıl" enerjinin nəqli haqqında memorandum imzalanıb:
"Söhbət Özbəkistan və Qazaxıstanda bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı, Xəzər dənizi vasitəsilə Azərbaycan istiqamətində ötürülməsi və daha sonra Avropa İttifaqına satılmasından gedir. Hesab edirəm ki, belə ambisiyalı texnoloji layihələr ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinin əsasıdır, çünki böyük layihələrlə yanaşı, bizi xalqlar arasında çox yaxın insan münasibətləri də birləşdirir".