Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2

Hadisə
  • 07 oktyabr, 2026
  • 18:41
Qaradağda 4 nəfərin öldüyü qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2

Qaradağda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsində xəsarət alanların vəiyyəti açıqlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 07.10.2026-cı il tarixində saat 14:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu ərazisindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyərin travması, qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi travma diaqnozu təyin edilib.

Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1961-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti isə stabil qiymətləndirilir.

Qaradağda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat qəzasında ölənlərin sayı 4-ə çatıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 4 nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və xəsarət alanlar var.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 7-si saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində qeydə alınıb.

Belə ki, "Mercedes Atego" markalı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.